Məhkəmə qərarları › İş №e-2(069)-96/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-96/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-96/2025 24.04.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 iyun 2019-cu il tarixli, S-194 saylı alqı-satqı müqaviləsi üzrə 639 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(069)-96/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X4 ilə (VÖEN **********) “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında 20 iyun 2019-cu il tarixli, S-158 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1.499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində olan “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq, ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək, tərəflərin imzası ilə təsdiq edilmişdir. 20 iyun 2019-cu il tarixli, S-158 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında 20 iyun 2019-cu il tarixli, S-158 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən 50 (əlli) manat ilkin ödəniş edərək, 2.4-cü bəndinə göstərilən qaydada 24 ay müddətinə hər ayın 30-dan gec olmayaraq, hər ay 60 (altmış) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən, Cavabdeh 20 iyun 2019-cu il tarixli, S-194 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 639 (altı yüz otuz doqquz) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 639 (altı yüz otuz doqquz) manat təşkil edir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X4 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Ona görə də, Cavabdeh 20 iyun 2019-cu il tarixli, S-194 saylı alqı-satqı müqaviləsi üzrə 639 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 iyun 2019-cu il tarixli, S-158 saylı alqı-satqı müqavilədən görünür ki, “Sintra” markalı su filtirlərinin satışı ilə məşğul olan fiziki şəxs X4 ilə X1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, dəyəri 1.499 manat olan “Premium” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarlarını ilkin 50 manat ödəniş etməklə almış və qalan 1.449 manatı hər ay 60 manat olmaqla, 24 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, X1 “Sintra” firmasının istehsalı olan “Premium” modelli su təmizləmə sistemi və onun ayrılmaz təkib hissələri olan aksessuarlarını “Sintra” markalı su filtirlərinin satışı ilə məşğul olan fiziki şəxs X2 təhvil almışdır. İş materiallarında olan tələbetmə hüquqlarının güzəşt olunmasına dair 30 iyun 2019-cu il tarixli 004 saylı müqavilədən görünür ki, fiziki şəxs VÖEN ********** əsasında fəaliyyət göstərən X4 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, X4 ilə İddiaçı MMC arasında tələbetmə hüquqlarının güzəşt olunması barədə müqaviləsi bağlanmış və razılaşdırılmış müqavilə imzalandıqdan sonra 3 iş günündən gec olmamaqla, təhvil-təslim aktına əsasən Hüquq sahibi tələb hüquqlarını təsdiq edən bütün lazımi sənədləri yoxlanılması üçün təhvil-təslim aktı ilə birlikdə Hüquq əldə edənə təqdim edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1967-ci ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş və Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 20 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə İddiaçınə 639 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AsanPay vastəsilə ödənilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, tələb olunan məbləğ üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia təmin edilməli, Cavabdeh 20 iyun 2019-cu il tarixli, S-194 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 639 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 iyun 2019-cu il tarixli, S-194 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 639 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar