Məhkəmə qərarları › İş №e-2(070)-186/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-186/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-186/2025 24.06.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən SOYUDUCU LG üçün 3998 manat ödənilməmiş hissə, 430 manat cərimə, ümumilikdə 4428 manat borcun və 64,28 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh SOYUDUCU LG almış və nəticədə onun 4428 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 4223 manat (yəni 3 ay x 1341 manat + 200 manat ilkin ödəniş) olan SOYUDUCU LG üçün ümumilikdə 4428 manat olmaqla, ondan 3998 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 430 manat cərimə borcu yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 225 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır və bu müqaviləyə əsasən Cavabdeh1 da "xxxx" MMC qarşısında alıcı Cavabdeh2 birgə məsuliyyət daşıyır və borcludur. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa "xxxx" MMC müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan “LG” markalı soyuducunu 4223 manata nisyə almışdır. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay müddətində hər ay 1341 manat ödəniş etməlidir; xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli müqavilə üzrə SOYUDUCU LG üçün 3998 manat ödənilməmiş hissə, 430 manat cərimə olmaqla, ümumilikdə 4428 manat borcu vardır; xx.xx.2021-ci il tarixli, 23120870 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 23120870 nömrəli alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 64,28 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Həmçinin Cavabdeh1 zamin kimi Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 23120870 nömrəli alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi həm əsas borcluya, həm də zaminə qarşı yönəlmişdir. Digər cavabdeh (zamin) Cavabdeh1 qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatmış (ödəniş cədvəlinə əsasən), lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, ərizə zaminliyə xitam verildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən zamin Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşımır. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 430 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 3998 manat ödənilməmiş hissə, 40 manat cərimə olmaqla, ümumilikdə 4038 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 60,38 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “LG” markalı soyuducu üçün 3998 manat ödənilməmiş hissə, 40 manat cərimə olmaqla, ümumilikdə 4038 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 60,38 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar