Məhkəmə qərarları › İş №e-2(070)-303/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-303/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-303/2025 19.11.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 16 iyul 2024-cü il tarixli, 9 saylı müqaviləyə görə cavabdehə təqdim edilmiş «İnfinix Note 30» markalı cihazın 403,25 manat qalıq pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 16 iyul 2024-cü il tarixli müqaviləyə görə sonuncuya dəyəri 520,19 manat təşkil edən «İnfinix Note 30» markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 28,90 manat olmaqla, 18 ay müddətinə, ***-***-**-** nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda, 2024-cü ilin sentyabr ayında 3 manat, oktyabr ayında 31 manat, noyabr ayında 32 manat, 2025-ci ilin yanvar ayında 62,85 manat və 47 manat, cəmi 175,85 manat ödəniş etmişdir. Həmin ödənişin 116,94 manatı cihaz borcundan, 58,91 manatı isə danışıq və internet borcuna görə (37,35 manat GPRS charge code, 21,56 manat VOİCE Charge) silinmişdir. Hal-hazırda Cavabdeh telefon üzrə İddiaçı MMC-yə borcu 403,25 manat təşkil edir. Müqavilənin 4.1-ci bəndinə görə abonent tərəfindən ardıcıl 2 (iki) ay ərzində ödəniş edilmədikdə, abonentin mobil nömrəsi operator tərəfindən ikitərəfli blok olunur və bundan sonrakı 90 gün ərzində borc ödənilmədikdə qalıq borc məbləği bütövlükdə abonentin mobil nömrəsinin balansına borc kimi yüklənir. Müqavilənin 5.5.2-ci maddəsinə görə abonent bu müqavilə üzrə hər hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icra edilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 9 nömrəli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan «İnfinix Note 30» markalı telefonu 520,19 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, 9 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə 403,25 manat borcu vardır; xx.xx.2025-ci il tarixli, **********19 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 16 iyul 2024-cü il tarixli, 9 nömrəli müqaviləyə əsasən «İnfinix Note 30» markalı cihazın qalıq borcu 403,25 manat, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16 iyul 2024-cü il tarixli, 9 nömrəli müqaviləyə əsasən «İnfinix Note 30» markalı cihazın qalıq borcu 403,25 manat və 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar