Məhkəmə qərarları › İş №e-2(070)-36/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-36/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-36/2025 18.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının, cəmi 780,4 (yeddi yüz səksən manat qırx qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə 04 aprel 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “X6” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyət tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “X6” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsini qiymətləndirmə aktında yol-nəqliyyat hadisəsi nəticəsində “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 750 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1855/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Khazar SD” markalı, **-PT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ödənilməli olan 750 manat məbləğində pulun cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Hazırda "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, X1 məxsus “Toyota Land- Cruiser” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilə xx.xx.2022-ci il tarixdə qüvvəyə minir, xx.xx.2023-cü il tarixdə qüvvədən düşür; “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:40-da Cavabdeh tərəfindən idarə olunan “Toyota Land-Cruiser” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 idarə etdiyi “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. “Toyota Land-Cruiser” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3, sürücüsü Cavabdeh olmuşdur. “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC, sürücüsü X4 olmuşdur. Nəticədə “Khazar SD” minik markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur; xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən idarə etdiyi “Toyota Land-Cruiser” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2022-ci il tarixdə, saat 11:40-da Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ünvanında İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir; xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh “Toyota Land-Cruiser” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, bununla da İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Nəticədə Cavabdeh İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2022-ci il tarixli “Yekun akt”dan görünür ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləği 750 manatdır; xx.xx.2022-ci il tarixli “Baş vermiş sığorta hadisəsi ilə əlaqədar həyata keçiriləcək sığorta ödənişi barədə sığorta aktı”ndan görünür ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləği 750 manatdır; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 750 manat vəsait “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-yə ödənilmişdir; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “X6” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olan, hadisə zamanı X2 idarə etdiyi “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Eyni zamanda Cavabdeh avtomobili etibarnamə olmadan idarə etmişdir. “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 750 manat dəyərində qiymətləndirilmiş, sığortaçı "xxxx" ASC nəqliyyat vasitəsinin tam sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs "xxxx" MMC-yə ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 750 manat vəsait, həmçinin 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 217-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 750 manat vəsait, həmçinin 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar