Məhkəmə qərarları › İş №e-2(071)-113/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-113/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-113/2025 28.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********57508 olan “Samsung Galaxy A05S” markalı telefon üçün 390,70 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 117,21 manat cərimə olmaqla, ümumilikdə 531,51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmış, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, 03457227 saylı alğı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, İMEİ kodu **********57508 olan “Samsung Galaxy A05S” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 03457227 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödənişsiz, 511,99 manat toplam məbləğin hər ay 28,44 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 5-ci maddəsinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx"-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və 51,20 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 390,70 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 117,21 manat cərimə olmaqla, ümumilikdə 531,51 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı İMEİ kodu **********57508 olan “Samsung Galaxy A05S” markalı telefonun dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Məhkəmə cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq əsas borcun 7 faizi həcmində, yəni 27,34 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, iddia tələbinin İnnovativ Layihələr Mərkəzinə ödəniləcək 23,6 manat rüsumun cavabdehdən tutulması ilə bağlı hissədə bildirir ki, iddia ərizəsinin məzmunundan və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.4-cü bəndindən müəyyən edilir ki, müştəri qismində Cavabdeh müqavilə şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi halda "xxxx" ASC tərəfindən malın istifadəsini mümkünsüz etməsinə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin tətbiq edilməsinə, onun adının riskli müştəri siyasına salınmasına, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürülməsinə razılıq vermişdir. Həmçinin müqavilənin 3.5-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, 3.4-cü bəndin icrası ilə bağlı "xxxx" əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, qeyd olunan standart müqavilə şərti qeyri-müəyyən olmaqla, tərəfin üzərinə qeyri-müəyyən öhdəlik qoymuşdur. Yəni, “əlavə ödənişlər” dedikdə hansı həcmdə istehlakçının öhdəlik götürməsi qeyri-müəyyəndir. Məhkəmə hesab edir ki, qeyri-müəyyən öhdəlik nəzərdə tutan standart müqavilə şərti etibarsızdır və həmin müqavilə şərtinə əsaslanaraq irəli sürülən hər hansı tələb məhkəmə tərəfindən təmin edilə bilməz. Göstərilənlərlə yanaşı, iddia ərizəsində İnnovativ Layihələr Mərkəzinə ödəniləcək 23,6 manat rüsum tələb ediləsə də belə, həmin ödənişin həyata keçirilməsi, ümumiyyətlə qeyd olunan xidmətin aidiyyəti qurum tərəfindən icra edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2-ci maddəyə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 390,70 manat əsas borc, 27,34 manat cərimə olmaqla, ümumilikdə 418,04 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 448,04 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 390,70 manat əsas borc, 27,34 manat cərimə olmaqla, ümumilikdə 418,04 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 448,04 (dörd yüz qırx səkkiz manat dörd qəpik) manat pul "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar