Məhkəmə qərarları › İş №e-2(071)-163/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-163/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-163/2025 04.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 nömrəli müqavilə üzrə 1269,32 manat qalıq borcu, 130 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,50 manat olmaqla, cəmi 1433,82 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, 19 ay müddətinə hissə-hissə hər ay üçün 105,78 manat ödəmək şərti ilə, 1904 manat dəyərində Malların nisyə satış müqaviləsinə Əlavədə-Qaimə-Arayış aktında göstərilən mebel məhsulunu nisyə satılmış və həmin məhsullar cavabdehə Qaimə-Arayış üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 saylı müqavilə üzrə qalıq borcu 1269,32 (bir iki yüz altmış doqquz manat, 32 qəpik) manat təşkil edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1904 manat olan məişət avadanlıqlarını Cavabdeh ilkin ödənişsiz, 1904 manat məbləği “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 105,78 manat olmaqla 19 ay (birinci ay 0 manat olmaqla) müddətinə ödəmək şərti ilə satmışdır. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, “Reyn 3 qapılı dolap”, “Reyn kitab dolabı”, “Reyn çarpayı”, “Reyn kompüter masa üstü”, “London TV altı rəf” və “Lizi stul” məişət əşyaları Cavabdeh xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə 1269,32 manat əsas borc və 258,10 manat cərimə borcu olmaqla, cəmi 1527,42 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Hazırda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış 258,10 (iki yüz əlli səkkiz manat 10 qəpik) manat cərimə məbləğinin yalnız 130 (yüz otuz) manatını ödəməyi borcludan tələb edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1269,32 manat əsas borc və 130 manat cərimə borcu olmaqla, cəmi 1399,32 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 34,50 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-ci tarixli, 009-FRL-0067-24 saylı niyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1269,32 manat əsas borc və 130 manat cərimə borcu olmaqla, cəmi 1399,32 (min üç yüz doxsan doqquz manat otuz iki qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,50 (otuz dörd manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar