Məhkəmə qərarları › İş №e-2(071)-222/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-222/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-222/2024 07.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1030,40 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 1060,80 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə “Hidromek HMK 102 B” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ilə hərəkət edərkən manevr qetmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və “DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq, “DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhər Binəqədi DYPŞ-i tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Hüseynov X4 Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır və Bakı şəhər Binəqədi DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni müvafiq etibarnaməsi olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan №İAS221148 saylı xx.xx.2022-ci il tarixli “sığorta ödənişi aktından” görünür ki, X1 idarə etdiyi DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 1000 manat ziyan xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə hesab nömrəsinə ödənilmişdir. İş materiallarında olan müstəqtil sığorta eksperti Səfərli Rəşad tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “qüsur aktından” görünür ki, X1 idarə etdiyi DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 1000 manat ziyan dəymişdir. İş materiallarında olan 736-05/22 SH nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 idarə etdiyi “DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 1000 manat ziyana görə ödəniləcək sığorta ödənişinin Cavabdeh geri alınacağı sonuncunun diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər X7 Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 13:30-da “ekskavator yükləyici” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevretmə qaydasını pozduğuna və etibanamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə B seriyalı, 070174 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi müqabilində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində Cavabdeh (cavabdeh) tərəfindən idarə olunan “Hidromek HMK 102 B” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi “DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilin sahibinə maddi zərər dəymişdir. “DAEWOO BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini icbari qaydada sığorta etmiş sığortaçı "xxxx" ASC avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X2 dəymiş zərərə görə 1000 manat sığorta ödənişi etmişdir. Hazırda iddiaçı, baş vermiş yol nəqliyyat hadisə zamanı cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni etibarnaməsinin olmadığını əsas gətirərək, zərər çəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Odur ki, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən nəqliyyat vasitsəsini idarə etmək üçün qanunla nəzərdə tutulmuş qaydada sürücülük hüququ olmuşdur. Eyni zamanda, Cavabdeh nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və yaxun onun iradəsinə zidd şəkildə idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verdiyi tarixdə Cavabdeh nəqliyyat vasitəsini idarə etməyə sürücülük hüququ olmuş və o, nəqliyyat vasitəsinin mülkiyyətçisinin razılığı ilə idarə etmiş, yalnız mülkiyyətçi tərəfindən ona bu barədə etibarnamə verilməmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, sığorta hadisəsi anında cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasına istinad edilərək ondan subroqasiya qaydasında pul tələb edilməsi əsassızdır. Bundan başqa, “Sübutların mümkünlüyü”ndən bəhs edən Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin prosessual normanın tələbinə əsasən məhkəmə hesab edir ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi halının təsdiqi yalnız səlahiyyətli orqanının bu barədə inzibati tənbeh vermə haqqında qərarı əsasında mümkün ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etmək özlüyündə inzibati xəta hesab olunur (İXM 332.2 maddə). Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etmiş olsa idi, səlahiyyətli orqan cavabdehin həm də İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul etməli idi. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin avtomobili buna hüququ olmadan idarə etməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, onun İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi görünmür. İşin bu halını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqanın yolnəqliyyat hadisəsindən sonra cavabdeh barəsində İXM-in 332.2-ci maddəsi ilə protokol tərtib etməməsi, onu həmin maddə ilə təqsirli bilməməsi, cavabdehin həmin vaxt nəqliyyat vasitəsini hüququ olmadan idarə etməsi halını istisna edir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili hüququ olmadan idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar