Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-259/2024 11.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimov Günel Rauf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə bağlanmış VİP 18899 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 698,58 ABŞ dolları əsas borcun və 175 ABŞ dolları cərimə olmaqla, cəmi 873,58 ABŞ dolları (ödəniş gününə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, VİP 18899 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 955 ABŞ dolları olan “Apple İphone 13 128gb black” markalı bir ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Müqavilə bağlandıqdan sonra cavabdeh ilkin ödəniş olaraq 193 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə manatla, xx.xx.2023cü il tarixdə 63,42 ABŞ ödəniş gününə olan məzənnə ilə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı MMC-nin direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı MMC-dən xx.xx.2023-cü il tarixdə bağladığı nisyə alqı-satqı müqaviləsi üzrə bir ədəd mobil telefon almış, telefon alarkən ilkin ödəniş etmiş, qalan məbləği isə bir il ərzində ödəməli olmuşdur. Müqavilə bağlandıqdan sonra birinci ayın ödənişini etmiş, sonradan işsiz olduğundan və maddi imkanı olmadığından qalan vəsaiti ödəməyə imkanı olmamışdır. Hazırda yeni işə düzəlmiş və bundan sonra aldığı məhsulun dəyərini hissəhissə tamamilə ödəyəcəkdir. Bununla belə hesab edir ki, iddiada tələb edilən cərimə məbləği çox yüksəndir. Odur ki, iddianın qismən təmin edilməsi, cərimə məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli VİP 18899 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı dəyəri 955 ABŞ dolları olan “Apple İphone 13 128gb black” markalı bir ədəd mobil telefonu 193 ABŞ dolları ilkin ödəniş edilməklə, qalan məbləği ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində hər ay 63 ABŞ dolları ödəmək şərti ilə satmışdır. Müqavilənin 3.5-ci bəndində göstərilmişdir ki, alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 % həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim haqqında arayışdan görünür ki, həmin tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşya satıcının nümayəndəsi tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. Həmin arayışda satılmış əşyanın dəyəri 1626 manat göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, VİP 18899 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 698,58 ABŞ dolları, cərimə borcu üzrə 175 ABŞ dolları olmaqla, cəmi 873,58 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli son xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə vermişdir, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Lakin, məhkəmə tərəflər arasında bağlanmış nisyə-alqı satqı müqaviləsində satılmış əşyanın dəyərinin xarici valyuta ilə müəyyənləşdirilməsi məsələsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 19 maddəsinin İİİ-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Yuxarıda qeyd edilən qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarındakı mövqeyinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflərdən hər hansı biri xarici şəxs olmadığından, onlar arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində satılmış əşyanın dəyəri, eləcə də həmin müqavilə üzrə pul öhdəliyi xarici valyuta ilə müəyyənləşdirilə bilməzdi. Alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın qiyməti və pul öhdəliyi mütləq şəkildə manatla ifadə edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin əşyanın qiymətinin və pul öhdəliyinin xarici valyutada icra edilməli olmasına dair hissəsi etibarsızdır. Bununla belə qeyd edilməlidir ki, əşyanın qiyməti Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbləri baxımından müqavilənin mühüm şərti hesab edilmir. Bu baxımdan müqavilənin əşyanın qiymətinin müəyyənləşdirilməsinə dair hissəsinin etibarsız olması, müqavilənin qalan hissələrinin etibarsızlığına dəlalət etmir. Həmin müqavilə üzrə əşyanın qiyməti və pul öhdəliyi xarici valyuta ilə müəyyənləşdirilmiş olsa da, bu məbləğ müqavilənin bağlandığı vaxta və hazırki dövrə münasibətdə xarici valyutanın Azərbaycan manatına məzənnəsinə uyğun olaraq müəyyən edilməlidir. Mərkəzi Bankın internet səhifəsindən əldə edilən məlumata görə 2022-ci ilin fevral ayından hazırki dövrədək 1 ABŞ dolları 1,70 Azərbaycan manatına bərabər olmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın dəyəri təhvil-təslim aktında göstərildiyi kimi 1626 manat, cavabdehin həmin müqavilə üzrə yaranmış əsas borcu 1187,58 manat (698,58 ABŞ dolları x 1,70 manat), cərimə borcu isə 297,50 manat (175 ABŞ dolları x 1,70 manat) kimi qəbul edilməlidir. Lakin, məhkəmə iddianın cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı əşyanı satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 297,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, VİP 18899 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1187,58 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 1287,58 manat (min iki yüz səksən yeddi manat, əlli səkkiz qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 (otuz üç) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(071)-259/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-259/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver