Məhkəmə qərarları › İş №e-2(071)-265/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-265/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-265/2024 19.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ADA000003 saylı xx.xx.2023-ci il tarixli turizm xidməti müqaviləsi üzrə yaranmış 318 manat əsas borc və 47,7 manat cərimə borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış ADA000003 saylı xx.xx.2023-ci il tarixli turizm xidməti müqaviləsinə əsasən cavabdeh 350 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Cavabdeh qarşı olan 350 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə turizm xidməti müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin bu günə 318 manat əsas borcu, 47,7 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X2 (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış ADA000003 saylı xx.xx.2023-cü il tarixli turizm xidməti müqaviləsindən görünür ki, icraçı 350 manat dəyərində turizm xidmətini sifarişçiyə göstərir, sifarişçi isə həmin xidmətin dəyərini müqavilənin tərkib hissəsi olan Əlavə-1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən sifarişçi qalıq borc məbləğinin ödənilməsini gecikdirdikdə, borcun ödənilməsinin hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. İş materiallarında olan müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli Turizm xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə xidmətin dəyərini 6 ay müddətində hər ay 59 manat olmaqla hissə-hissə icraçıya ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, R-1782/22 saylı Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2023-cü il tarixli sazişdən və bildirişdən görünür ki, X1 ADA000003 saylı xx.xx.2023-cü il tarixli xidməti müqaviləsi üzrə Cavabdeh qarşı olan 350 manat tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmiş, bu barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli turizm xidməti müqaviləsi üzrə Cavabdeh 365,7 manat (318 manat əsas borc, 47,7 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunu xx.xx.2023-cü ilədək ödəməsi barədə xəbərdarlıq edilmiş və əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.3-ci maddəsinə əsasən Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4-ci maddəsinə əsasən Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdeh ilə icraçı X2 arasında turizm xidməti müqaviləsi bağlanmış, icraçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə predmeti olan xidmətləri cavabdehə göstərmiş, lakin cavabdeh göstərilmiş xidmətlərin dəyərini ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Turizm xidməti müqaviləsi üzrə icraçının sifarişçiyə qarşı tələb hüququ faktorinq müqaviləsi əsasında İddiaçı QSC-yə güzəşt edilmişdir. Odur ki, turizm xidməti müqaviləsi üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən, iddiaçı cavabdehdən turizm xidməti müqaviləsi üzrə yaranmış əsas borcun və hesablanmış cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, turizm xidməti müqaviləsi üzrə yaranmış 318 manat əsas borc və 47,70 manat cərimə olmaqla, cəmi 365,70 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, müqavilə üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ADA000003 saylı, xx.xx.2023-cü il tarixli Turizm xidmətlərinin göstərilməsi müqaviləsi üzrə yaranmış 318 manat əsas borc və 47,70 manat cərimə olmaqla, cəmi 365,70 manat (üç yüz altmış beş manat, yetmiş qəpik) pul, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar