Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-499/2025 13.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,40 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-499/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2024-cü il sentyabr ayında ünvan 2ənzil almaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixində internet platformasında qeyd edilən ünvanda yerləşən binalardan birində olan mənzil elanı qarşısına çıxmışdır. Qeyd edilən mənzil ilə bağlı əlaqə nömrəsinə zəng edib mənzil haqqında məlumat əldə etməyə başlamışdır. Telefonda Araz adlı şəxs onunla danışmış və deyilən ünvanda şəriki, yəni hazırda cavabdeh olan Cavabdeh ilə birlikdə evə baxa biləcəyini bildirmişdir. O, qeyd edilən ünvana getmişdir. Cavabdeh ona binanı göstərmiş və həmin evin 18 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşdiyini bildirmişdir. O, evə baxmaq istədikdə hazırda yuxarı mərtəbələrdə iş getdiyi üçün yalnız 4-cü mərtəbədə yerləşən eyni layihəli 3 otaqlı ümumi sahəsi 136,0 m2 olan mənzili göstərmişdir. Mənzilə baxdıqdan sonra İddiaçı Arazla danışmış, evin qiymətini 150.000 (yüz əlli min) manata razılaşmışdır. Araz ona bildirmişdir ki, beh müqaviləsi bağlamaqla 15 gün sonra həmin mənzilin ona verilməsi barədə sənədləri rəsmiləşdirəcəkdir. Bundan sonra iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli yazılı beh müqaviləsi bağlanmış və möhürlənmişdir. Bundan sonra o, beh müqaviləsində qeyd edilən 1000 (min) manat məbləğində vəsaiti cavabdehin göstərdiyi kart hesabına atmışdır. Beh müqaviləsi iki nüsxədə tərtib edilmişdir. Sonradan internet platformasında (tiktok, instagram, youtube) Bakı şəhəri Şərifzadə küçəsi ünvanında “İnşaat Konstruksiyaları MMC” tərəfindən inşa edilən binanın problemli bina olduğunu və bununla bağlı çoxlu narazılıqların mövcud olduğunu müəyyən etmişdir. O, dərhal Araz və İlhama zəng edib həmin binanın problemli olduğunu, bir mənzilin iki və üç nəfərə satıldığını bildirmişdir. İlham ona narahat olmamasını, ev “Azər” adlı generalın evi olmasını, evlə bağlı heç bir problemin ola bilməyəcəyini bildirmişdir. O, işdən öz hesabına məzuniyyət götürərək Lənkərandan Bakıya getmişdir. Həmin binanın 16-cı mərtəbəsinə qalxıb mənzilə baxış keçirmişdir. Ona gələcəkdə satılacaq mənzilin divarında telefon nömrəsi olduğunu görmüş və həmin telefon nömrəsinə zəng etmişdir. Zəngi açan şəxs onunla danışmış və bildirmişdir ki, həmin mənzil ona məxsusdur. Satmaq fikri yoxdur. O, telefonda vəziyyəti ona danışmış, danışdığı şəxs isə ona binanın həqiqətən də problemli olduğunu, inşasına 2018-ci ildən başlanıldığını və hələ də təhvil verilmədiyini bildirmişdir. Həmçinin, ona dərhal verdiyi pulu geri almasını və həmin binadan ümumiyyətlə ev almamasını məsləhət görmüşdür. Bundan sonra, o, yenidən cavabdehlə görüşmüş və danışıqlar zamanı cavabdeh ona başqa binadan mənzil verməyi təklif etmişdir. O isə mənzil istəmədiyini, beh müqaviləsinin icra edilməsini cavabdehdən tələb etdikdə pulunu geri qaytaracağını vəd etmişdir. xx.xx.2024cü il tarixdə o, yenidən Bakı şəhərinə gəlib cavabdehdən behi geri tələb etmişdir. İlham isə ona pulun generalda olduğunu və onun yanına gedə bilmədiyini bildirmişdir. Artıq aldadıldığını başa düşdükdə ona son dəfə bildirmişdir ki, pulunu qaytarmasa hüquqmühafizə orqanına və məhkəməyə müraciət edəcəkdir. İlham isə cavab verərək ona bildirmişdir ki, “get nə bacarırsan et”. O, Cavabdeh barəsində Bakı şəhəri Baş Polis idarəsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin tədqiqat şöbəsində araşdırma aparılmış və 11 mart 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hazırda məhkəməyə müraciət edərək qanunla müəyyən edilmiş qaydada mübahisənin həll edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin qiyabi qətnamənin çıxarılmasını xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, səhhəti ilə bağlı yaranan narahatlığa görə məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, qeyd edilən halın məhkəmə tərəfindən üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə keçirilmiş 4 məhkəmə iclasının (2 hazırlıq və 2 baxış iclası) heç birində Cavabdeh iştirak etməmiş, iddia tələbinə qarşı heç bir münasibət bildirilməmiş, sadəcə məhkəməyə teleqramlar ünvanlayaraq və müxtəlif bəhanələr gətirərək məhkəmə iclasında iştirakdan yayınmışdır. Cavabdeh səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etsə də, o, səhhəti ilə bağlı iştirak etməməsinə dair təsdiq edici sübut, tibbi arayışı və ya digər müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin təhqiqatçısı Surəc Niyazov tərəfindən qəbul edilmiş “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı beh müqaviləsi bağladığı Cavabdeh ilə aralarında yaranmış mülki mübahisələrdən irəli gələn öhdəliklər olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan “daşınmaz əmlakın satılması haqqında” xx.xx.2024-cü il tarixli beh müqaviləsindən müəyyən edilir ki, tərəflər – satıcı Cavabdeh və alıcı İddiaçı arasında ünvan 3 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 136 kv.m olan yaşayış sahəsinin 150.000 (yüz əlli min) manat məbləğində alqı-satqısı barədə razılıq əldə edilmişdir. Müqavilə şərtlərinə görə, alıcı ilkin olaraq satıcıya 1.000 (min) manat beh vermiş, qalan məbləğin isə notariat qaydasında təsdiqlənmiş alqı-satqı zamanı ödənilməsi nəzərdə tutulmuşdur. Beh müqaviləsinə əsasən, satıcı mənzili ən geci müəyyən olunmuş tarixədək boşaltmağı, zəruri texniki və kommunal sənədləri hazırlamağı, alıcı isə öhdəsinə götürdüyü vəsaiti tam ödəməklə mənzili almağı öhdəsinə götürmüşdür. Müqavilədə həmçinin göstərilmişdir ki, satıcı satışdan imtina edərsə, aldığı behin iki mislini alıcıya qaytarmağa, alıcı isə almadan imtina edərsə, verdiyi behi geri tələb etməməyə borcludur. Eyni zamanda tərəflər alqı-satqı prosesində broker xidmətinə görə 1% məbləğində haqq ödəməyi, notariat xərclərinin isə satıcı tərəfindən qarşılanmasını razılaşmışlar. Müqavilədə əlavə olaraq göstərilmişdir ki, hər hansı mübahisə və ya anlaşılmazlıq yarandığı halda tərəflər onu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun həll etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" ASC-nin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2025ci il tarixli İddiaçı məxsus gəlir və xərcləri əks etdirən bank hesabına dair çıxarışdan, həmçinin "xxxx" ASC-nin mobil tətbiqindən əldə edilmiş elektron qəbzin surətindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:24-də İddiaçı 1000 manat məbləğində pul köçürməsi həyata keçirmişdir. Sözügedən pul məbləğinin hansı şəxsə aid bank hesabına köçürüldüyü qeyd olunmasa da, iş materiallarında olan Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Nuriyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “materialın aidiyyatı üzrə göndərilməsi” barədə qərardan görünür ki, aparılmış araşdırma zamanı İddiaçı 1000 manat pulu Araz adlı şəxsin istifadəsində olan karta Binəqədi rayonu 22 Dağlıq küçəsində yerləşən ev alqı-satqı ofisinin qarşısından göndərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə beh müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən 1000 manat məbləğində beh ödəmişdir. Müqaviləyə görə tərəflər arasında Bakı şəhəri Şərifzadə küçəsində yerləşən 3 otaqlı, 136 kv.m sahəli mənzilin 150.000 manata alqı-satqısı nəzərdə tutulmuş, alqı-satqının notariat qaydasında rəsmiləşdirilməsi üçün müddət təyin edilmişdir. Lakin sonradan cavabdeh öhdəliyini yerinə yetirməmişdir. İddiaçı müxtəlif dövlət orqanlarına, o cümlədən polis idarəsinə müraciət etsə də, məsələ mülki mübahisə xarakterli hesab edilərək məhkəməyə yönləndirilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin, iddianın əksini sübut edə biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclaslarında təqdim edilən beh müqaviləsi, bank ödənişi barədə çıxarış və digər sənədlər iddiaçının tələbinin hüquqi əsaslı olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış beh müqaviləsi qanunla müəyyən edilmiş formaya uyğun olaraq mövcud olmuş, iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləği real olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinin tələblərinə əsasən, əgər müqavilənin icra edilməməsinə beh almış tərəf – yəni cavabdeh məsuliyyət daşıyırsa, o, behi iki misli məbləğində qaytarmağa borcludur. Bundan əlavə, Mülki Məcəllənin 385, 442 və 448-ci maddələri ilə müəyyən olunur ki, borclu öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə bunun bütün hüquqi nəticələrinə görə məsuliyyət daşıyır. Cavabdeh öhdəlikdən yayınması, sübut təqdim etməməsi və müqavilənin icrasını təmin etməməsi onun məsuliyyətini təsdiq edən hallardır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,40 (qırx manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 40,40 (qırx manat qırx qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,40 (qırx manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-499/2025
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(071)-499/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver