Məhkəmə qərarları › İş №e-2(071)-588/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-588/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-588/2025 24.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, LKK00188 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 454,99 manat əsas borc, 0 manat cərimə borcu və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 manat pulun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, bildiriş ona xx.xx.2025-ci il tarixdə rəsmi qaydada çatdırılmış, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə hər hansı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LKK00188 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı 830,99 manat dəyərində malı ilkin ödəniş 51 manat olmaqla alıcıya satmağı, alıcı isə nisyə aldığı malın dəyərindən qalıq qalan 779,99 manat məbləğində pulu müqaviləyə əlavə ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, LKK00188 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəyə əsasən müqavilə üzrə satılan əmlakın dəyəri olan 830,99 manatın Cavabdeh tərəfindən ilkin ödəniş 51 manat, 12 ay müddətinə aylıq 65 manat, sonuncu ay isə 64,99 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, LKK00188 saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2025ci il tarixə 454,99 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, cəmi 454,99 manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2019cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə olunan xx.xx.2021-ci il tarixli sazişə əsasən müəyyən edilir ki, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli, LKK00188 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, cavabdehlə bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Müqavilə üzrə tələb hüququ isə iddiaçıya ötürülmüşdür. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, LKK00188 saylı alqı-satqı müqaviləsi üzrə 454,99 manat əsas borc, 0 manat cərimə borcu və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat olmaqla, ümumilikdə 485,39 manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, LKK00188 saylı alqı-satqı müqaviləsi üzrə 454,99 manat əsas borc, 0 manat cərimə borcu və xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat olmaqla, ümumilikdə 485,39 (dörd yüz səksən beş manat otuz doqquz qəpik) manat məbləğində pul İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar