Məhkəmə qərarları › İş №e-2(071)-680/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-680/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-680/2025 02.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 1500 (min beş yüz) manat, ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 (min beş yüz otuz beş) manat pulun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E 230” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli, PSS**********-1 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən sığortalanmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh “Mercedes Benz E 230” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri, Mərkəzi Poçtun yanı ərazisində sürücülük vəsiqəsi olmadan idarə edərkən “Vaz 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. Hacıqabul rayon RPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan və Hacıqabul RPŞ-nin polis mayoru X5 xx.xx.2022-ci il tarixli, İXP4664412 saylı protokolundan görünür ki, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində zədələnmiş “Vaz 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 1500 (min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Bu ödəniş xx.xx.2022-ci il tarixli İ- 1095/22 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli, 10062022-9300-537 saylı ödəniş tapşırığında öz əksini tapmış və faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Odur ki, "xxxx" ASC tərəfindən əmlaka dəyən zərərə görə ödənilmiş 1500 (min beş yüz) manat, 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 (min beş yüz otuz beş) manat pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-680/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair e-2(071)- 680/2025 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə qarşı məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili atası X1 etibarnamə üzrə məxsusdur. İddia ərizəsində qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixdə həmin atasına məxsus olan avtomobili Hacıqabul şəhərində idarə edərkən (atası evdə olmadığından və nənəsi üçün təcili olaraq həkimə müraciət etmək və təzyiq dərmanı almaq üçün) aptekə gedərkən poçtun yaxınlığında **-LR-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı maşına toqquşaraq ona maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı dərhal atasına və X15 məlumat vermişdir. Hadisə zamanı heç kəsin sağlamlığına zərər dəyməmiş, avtomobilə dəymiş ziyan ailəsi tərəfindən ödənilmişdir. Avtomobil qısa zaman ərzində təmir edilmiş və sahibinə təhvil verilmişdir. Hadisə baş verdikdən sonra o, azyaşlı olduğundan və icazəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə, həmçinin qarşı tərəf onlara sığorta şirkətindən dəymiş zərərə görə sığorta haqqı ala bilməyəcəkləri barədə məlumatlandırılmalarına baxmayaraq, sığorta şirkəti tərəfindən 1500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bütün bu olanlarla bağlı bildirir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş inzibati xətanın məsuliyyətini qəbul etmiş, bu hadisəyə görə peşmançılıq keçirmişdir. Lakin, iddia ərizəsində qeyd olunduğu kimi sığorta ödənişi üçün 1500 manat xx.xx.2022-ci il tarixli 10062022-8300-538 saylı ödəniş tapşırığı ilə faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Eyni zamanda hazırki iddia ərizəsi ilə 19 iyun 2025-ci il tarixində Hacıqabul Rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki, sığorta ödənişi 10 iyun 2022-ci il tarixində həyata keçirilmiş, iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə, yəni 3 il sonra məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, 3 ildən artıq müddətdə sığorta ödənişinin geri qaytarılması, yəni subroqasiya qaydasında ondan tələb edilməmiş, bu barədə ona qarşı heç bir pretenziya məktubu göndərilməmişdir. xx.xx.2025-ci il tarixli, 131 saylı məktubda ona, ailə üzvlərinə və ya qeydiyyatda olduğu ünvanda yaşayan heç kimə verilməmişdir. Bundan başqa, qeyd etmişdir ki, hazırda 18 yaşı tamam olmamış, maddi cəhətdən çətinlik çəkməkdədir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə verilmiş ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, eləcə də onun istifadəsində olan mobil telefon nömrəsinə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən sms bildirişləri göndərilmiş, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-Vİİ seriyalı 824486 nömrəli etibarnamədən və AC seriyalı 113948 nömrəli şəhadətnamədən müəyyən edilir ki, “Mercedes Benz E 230” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X2 məxsus olmaqla onun tərəfindən avtomobilin idarə edilməsi hüququ (sərəncam vermək hüququ daxil olmaqla) X1 etibar edilmişdir. İş materiallarında olan AA seriyalı 591914 nömrəli şəhadətnamədən müəyyən edilir ki, “Vaz 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X8 məxsusdur. ƏN-İİİ seriyalı 564174 nömrəli etibarnamədən və AE seriyalı 525172 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, tərəfindən avtomobilin idarə edilməsi hüququ (sərəncam vermək hüququ daxil olmaqla) X3 etibar edilmiş və onun BC kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən edilir ki, 27 may 2022-ci il tarixdə, saat 22:30 radələrində Hacıqabul şəhərində yol-nəqliyyat hadisəsi, yəni nəqliyyat vasitələrinin toqquşması baş vermişdir. Yol nəqliyyat hadisəsinin iştirakçıları **-BR-*** dövlət qeydiyyat nişanlı “Mercedes E230” markalı minik avtomobilinin sürücüsü X7 və “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü X6 olmuşdur. Arayışdan həmçinin müəyyən edilir ki, hadisə vaxtı “Mercedes E230” markalı minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X2 məxsus olmasına baxmayaraq, hadisə anında Cavabdeh tərəfindən idarə edilmiş və ayıq vəziyyətdə olmuşdur. Digər avtomobilin mülkiyyətçisi X11, idarə edən şəxs isə X4r. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sağ-sol hissələri, banı və ön hissəsi əzilmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən (hadisə yerinin sxemi vəs) məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində “Mercedes Benz E 230” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Nəticədə, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təqsirli bilinmişdir. Qeyd olunan inzibati xəta haqqında protokoldan da müəyyən edildiyi kimi, Cavabdeh İXM-nin 332.4-cü maddəsinə görə təqsirli bilinmişdir. Həmin maddənin dispozisiyasının məzmunundan görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan “İcbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması” haqqında çıxarışdan müəyyən edilir ki, hadisə anında “Vaz 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə "xxxx" ASC ilə bağlanmış icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. Həmçinin iş materiallarında olan 1-1095/22 saylı sığorta aktına və qüsur aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş “Vaz 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1500 (min beş yüz) manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ sürücü Telman Babayevə ödənilmişdir. İş materiallarında olan Cavabdeh Hacıqabul RPŞ-də verdiyi izahatdan müəyyən edilir ki, o, inzibati xəta hadisəsində təqsirinin olmasını, yəni svetoforun hərəkəti qadağan edən qırmızı işığında keçməsini və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, subroqasiya qaydasında qeyd olunan məbləğin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə, Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia tələbinə qarşı məhkəməyə daxil olmuş yazılı etirazında qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” AR-nın Qanunun 25-ci maddəsində icbari sığorta növləri üzrə subroqasiya hüququnun yaranma əsasları təsbit edilmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Eləcə də həmin Qanunun 63.1-ci maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə subroqasiya hüququnun əlavə əsası da müəyyən edilmişdir. Beləliklə, etirazın iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 il təşkil edir. Belə ki, subroqasiya hüququnun həyata keçirilməsi üçün tələb olunan iddia müddətinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərarı (Azərbaycan Respublikası Ali Məhkəməsinin bülleteni - № 1, 2019) mühüm rol oynayır.Qərarda bildirilmişdir ki, kasko sığorta növü üzrə sığortaçının zərərvuran şəxsə qarşı qaldırdığı iddiaya münasibətdə hansı müddətin tətbiq olunacağına kollegiya aydınlıq gətirmişdir. Kollegiyanın qərarında qeyd olunur ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında vurğulanmışdır ki, sığortaçı şirkət ilə iş cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə bağlanmayıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə subroqasiya hüququ bilavasitə sığortalıya və sığorta olunana qarşı yönəlir. Mövcud hüquq münasibətləri isə sığorta müqaviləsinə əsaslanır. Bu halda məhkəmə hesab edir ki, etiraz ərizəsində qeyd olunan müqavilə tələbləri üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq edilməli, etiraz bu hissədə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda xx.xx.2025-ci il tarixli etirazda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixli pretenziya məktubu ümumiyyətlə cavabdehə təqdim edilməmişdir. Lakin, iş materiallarında əlavə edilmiş bildirişin aidiyyəti üzrə çatdırılmasına dair poçt qəbzindən (xəbərnamə) görünür ki, pretenziya məktubu xx.xx.2025-ci il tarixdə rəsmi qaydada göndərilmiş, xx.xx.2025-ci il tarixdə saat 16:45-də hazırki mülki iş üzrə Cavabdeh tərəfindən imzalanmaqla təhvil alınmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin etirazında pretenziya məktubunun ona rəsmi qaydada təqdim edilməməsi ilə bağlı qeyd etdikləri həqiqəti əks etdirmir. Məhkəmə iş materiallarını araşdırmaqla müəyyən etmişdir ki, “Mercedes Benz E 230” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli icbari sığorta şəhadətnaməsinə əsasən sığortalanmış, lakin xx.xx.2022-ci il tarixdə cavabdeh həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərək Hacıqabul şəhərində “VAZ 2107” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə zərərçəkmiş nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Hadisə barədə Hacıqabul Rayon Polis Şöbəsinin arayışları, eləcə də xx.xx.2022-ci il tarixli inzibati protokol iş materiallarına əlavə edilmiş, cavabdehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi təsbit olunmuşdur. Yol-nəqliyyat hadisəsinin növü toqquşma kimi qeydə alınmış, zərərin məbləği xx.xx.2022-ci il tarixli qüsur aktı ilə 1500 (min beş yüz) manat olaraq müəyyən edilmişdir. Dəymiş ziyanın əvəzi olaraq "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1500 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsin bank hesabına köçürülmüşdür. Bundan başqa, iş materiallarına xx.xx.2025-ci il tarixli pretenziya məktubu əlavə edilmiş və həmin sənəd Cavabdeh xx.xx.2025-ci il tarixdə təhvil verildiyi poçt sənədləri ilə təsdiqlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, bu zaman digər avtomobilə 1500 manat məbləğində maddi ziyan dəymiş, dəymiş zərərin əvəzi sığortaçı tərəfindən ödənilmiş və sonradan subroqasiya qaydasında cavabdehdən tələb edilmişdir. Hazırda iddiaçı, Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 1500 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinməsini və iddiaçı tərəfindən 1500 manat məbləğində sığorta ödənişinin zərər çəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə cavabdehin ona qarşı iddia tələbi qaldırılan vaxt 18 yaşının tamam olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2-ci maddəyə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Qeyd olunan normaları və cavabdeh tərəfindən onun əmlak vəziyyətinə dair məhkəməyə sübut təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan dəlili də əsassız hesab edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar