Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-685/2025 06.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 (otuz beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 15:10 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsi ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Opel Vectra” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada X6 ilə toqquşmuş, nəticədə sonuncunun sağlamlığına az ağır dərəcəli xəsarət dəymişdir. Şirvan Şəhər Məhkəməsi tərəfindən tərtib edilmiş 1(032)-79/2023 saylı hökmə əsasən, Cavabdeh2 nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Hadisə ilə əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA125865 saylı sığorta aktı tərtib edilməklə X1 dəymiş zərərə görə 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, PXA********** saylı sığorta müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 məxsus “Opel Vectra” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)- 79/2023 saylı hökmünün məzmunundan və nəticəvi hissəsindən müəyyən edilir ki, Cavabdeh2 31 iyul 2022-ci il tarixdə saat 15 radələrində ayıq vəziyyətdə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarəetdiyi texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə ilə X2 məxsus “Opel Vectra” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, S.Zeynalov küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, buna riayət etdiyi təqdirdə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin S.Zeynalov küçəsi ilə hərəkətdə olarkən yolun sol kənarı ilə X4 piyada hərəkətdə olduğu və yolun sol hissəsindən sağ hissəsinə doğru istiqamətləndiyini görüb, avtomobili sol tərəfə sürərək piyada Namik Babayevin yanından keçmək istəyən zaman avtomobilin ön hissəsi ilə Namik Babayevin sol ayağından vurub, sağ ayağının üzərindən keçməklə ehtiyatsızlıqdan sonuncunun sağ ayaq pəncənin İ daraq sümüyünün qapalı sınığı, sol aşıq baldır oynağında şişkinlik, hərəkət məhdudluğu və sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan PXA125865 nömrəli sığorta aktından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixində, saat 15:10 radələrində Şirvan şəhəri, S.Zeynalov küçəsi ərazisində baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxs X5 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunan hökmdən də müəyyən edildiyi kimi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə maddəsinə görə təqsirli bilinmişdir. Həmin hökmün məzmunundan görünür ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etmişdir. Məhkəmə digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, “Opel Vectra” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olduğundan Cavabdeh2 ilə eyni dərəcədə məsuliyyət daşıyır. Hazırda iddiaçı Cavabdeh2 təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 1500 manat məbləğində pulun cavabdehdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya verilmiş, lakin tələb icra edilməmişdir. Məhkəmə iş materialları ilə yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinməsini və iddiaçı tərəfindən 1500 manat məbləğində sığorta ödənişinin zərərçəkmiş şəxsə verilməsinin təsdiq olunmasını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-685/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-685/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver