Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-774/2023 28.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, VİP 18459 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 220,78 ABŞ dolları əsas borc və 55 ABŞ dolları cərimə borcunun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18459 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 491 ABŞ dolları olan X5 10s 6-128 gb grey markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 47 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 35,99 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 37,1 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 41,1 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 57,21 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 44,72 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 7,1 AB,Ş dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18459 saylı nisyə alqı-satqı müqaviləsinə zamin durmuşdur. İddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 220,78 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətinə ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 220,78 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli VİP 18459 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı dəyəri 491 ABŞ dolları olan X5 10s 6-128 gb grey markalı 1 ədəd mobil telefonu 47 ABŞ dolları ilkin ödəniş edilməklə, qalan məbləği ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində hər ay 37 ABŞ dolları ödəmək şərti ilə satmışdır. Müqavilənin 3.5-ci bəndində göstərilmişdir ki, alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 % həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim haqqında arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan əşya satıcının nümayəndəsi tərəfindən alıcı Cavabdeh1 təhvil verilmişdir. Həmin arayışda satılmış əşyanın dəyəri 836 manat göstərilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2022-ci il tarixli, VİP 18459 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, "xxxx" MMC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2022-ci il tarixli, VİP 18459 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli VİP 18459 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 220,78 ABŞ dolları, cərimə borcu üzrə 55 ABŞ dolları olmaqla, cəmi 275,78 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli son xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə tərəflər arasında bağlanmış nisyə-alqı satqı müqaviləsində satılmış əşyanın dəyərinin xarici valyuta ilə müəyyənləşdirilməsi məsələsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 19 maddəsinin İİİ-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir. Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Yuxarıda qeyd edilən qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarındakı mövqeyinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflərdən hər hansı biri xarici şəxs olmadığından, onlar arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində satılmış əşyanın dəyəri, eləcə də həmin müqavilə üzrə pul öhdəliyi xarici valyuta ilə müəyyənləşdirilə bilməzdi. Alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın qiyməti və pul öhdəliyi mütləq şəkildə manatla ifadə edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin əşyanın qiymətinin və pul öhdəliyinin xarici valyutada icra edilməli olmasına dair hissəsi etibarsızdır. Bununla belə qeyd edilməlidir ki, əşyanın qiyməti Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbləri baxımından müqavilənin mühüm şərti hesab edilmir. Bu baxımdan müqavilənin əşyanın qiymətinin müəyyənləşdirilməsinə dair hissəsinin etibarsız olması, müqavilənin qalan hissələrinin etibarsızlığına dəlalət etmir. Həmin müqavilə üzrə əşyanın qiyməti və pul öhdəliyi xarici valyuta ilə müəyyənləşdirilmiş olsa da, bu məbləğ müqavilənin bağlandığı vaxta və hazırki dövrə münasibətdə xarici valyutanın Azərbaycan manatına məzənnəsinə uyğun olaraq müəyyən edilməlidir. Mərkəzi Bankın internet səhifəsindən əldə edilən məlumata görə 2022-ci ilin fevral ayından hazırki dövrədək 1 ABŞ dolları 1,70 Azərbaycan manatına bərabər olmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın dəyəri təhvil-təslim aktında göstərildiyi kimi 836 manat, cavabdehin həmin müqavilə üzrə yaranmış əsas borcu 375,32 manat (220,78 ABŞ dolları x 1,70 manat), cərimə borcu isə 93,50 manat (55 ABŞ dolları x 1,70 manat) kimi qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğlər Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, o nisyə alqı-satqı müqaviləsi üzrə alınmış əşyaya görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borc və hesablanmış cərimə məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli VİP 18459 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 375,32 manat əsas borc və 93,50 manat cərimə olmaqla, cəmi 468,82 manat (dörd yüz altmış səkkiz manat, səksən iki qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(071)-774/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-774/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver