Məhkəmə qərarları › İş №e-2(071)-781/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-781/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-781/2025 01.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh PVN019607 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1799 manat borcun, 269,85 manat cərimə borcunun, 41,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış PVN019607 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1799 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1799 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəmişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki,cavabdehin bu günə 1799 manat əsas borcu, 269,85 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxışında bildirmişdir ki, kondisioner alındıqdan 1 ay sonra işləməməyə başlamışdır və bu barədə "xxxx" MMC-yə məlumat verilmişdir. Sentyabr ayında usta gələrək kondisioneri təmir etmiş və bunun əvəzində xidmət haqqı almışdır. 19 iyunda kondisioner alınmış və sentyabr ayına qədər işləməmişdir. Hazırda kondisioner normal vəziyyətdə işləyir. İddianı qismən qəbul etdiyini, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin çıxışını dinləyərək və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı qismində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış PVN019607 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı ümumilikdə 1799 manat dəyərində olan malları alıcıya satmağı, alıcı isə nisyə aldığı malların dəyərini müqaviləyə əlavə ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan PVN019607 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəyə əsasən müqavilə üzrə satılan əmlakın ümumi dəyəri olan 1799 manatın Cavabdeh tərəfindən ilkin ödənişsiz, 18 ay müddətinə aylıq 99,94 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh PVN019607 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1799 manat əsas, 269,85 manat cərimə borcu olmaqla, cəmi 2068,85 manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023cü il tarixli, R-2382/23 saylı faktorinq müqaviləsi və ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli sazişə əsasən "xxxx" MMC-nin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdehlə bağlanmış müqavilə üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Müqavilə üzrə tələb hüququ isə iddiaçıya ötürülmüşdür. Cərimənin əsas borca münasibətdə yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh X1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq əsas borcun 5% həcmində, yəni 89,95 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixli, PVN seriyalı, 019607 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1799 manat əsas borc, 89,95 manat cərimə borcu olmaqla, cəmi 1888,95 (min səkkiz yüz səksən səkkiz manat doxsan beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,89 (otuz səkkiz manat səksən doqquz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, PVN seriyalı, 019607 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1799 manat əsas borc, 89,95 manat cərimə borcu olmaqla, cəmi 1888,95 (min səkkiz yüz səksən səkkiz manat doxsan beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,89 (otuz səkkiz manat səksən doqquz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar