Məhkəmə qərarları › İş №e-2(071)-826/2025

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(071)-826/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-826/2025 01.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı üzrə pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı “alqı-satqı üzrə pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh borclu qaldığı 1240 manat pulun və gecikdirmə faizinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə Hacıqabul rayon Qubalıbalaoğlan kəndinin sakini Cavabdeh fındıq satmaqla bağlı razılaşma olmuşdur. İddiaçı fevral ayında Cavabdeh sifarişinə əsasən, təxminən 300 kq civarında fındıq göndərəcəyi barədə məlumat verdi. Fındıq məhsulları üçün ödəniləcək məbləğin 1240 manat olduğunu qeyd etmişdir. Cavabdeh çatdırılmadan sonra 1 və ya 2 gün ərzində ödənişi icra edəcəyini bildirmişdir. Rayonlararası daşımanı həyata keçirən “Ford” markalı avtomobil vasitəsilə xx.xx.2025-ci tarixdə iddiaçının hesabına fındıq məhsullarının Cavabdeh çatdırılmasını və təhvil verilməsini təmin edərək öz öhdəliklərini tam icra etmiş olsa da, Cavabdeh həmin vaxtdan fındıq məhsullarının ödənişini tam həyata keçirməmişdir. Həmçinin, məhsulları təhvil aldıqdan sonra zəng vasitəsilə əlaqə saxlayaraq iddiaçıya məlumat vermişdir. Nəticədə iddiaçının xeyrinə 1240 (bir min iki yüz qırx) manat məbləğdə borc yaranmışdır. Lakin artıq həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, dəfələrlə zəng və “whatsapp” sosial şəbəkəsi vasitəsilə ödənişi tələb etsə də, Cavabdeh ödənişi göndərməmiş, mövcud vəziyyətdə qanunvericiliyə uyğun addım atılacağını bildirsə də, heç bir hüquq-mühafizə orqanından, məhkəmədən, dövlət qurumlarından qorxmadığını və hara istəsə şikayət edə biləcəyini qeyd etmişdir. Hər dəfə əlaqə saxladıqda problemlərinin olduğuna iddiaçını inandırmış, hər dəfəsində 1 və ya 2 günə ödənişi icra edəcəyi ilə bağlı aldatmış, iddiaçının inamından sui-istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci ildə cavabdehlə təkrar əlaqə saxlanmış, rəsmi ünvanına məktub göndərilmişdir. Ödənişi qısa müddətdə göndərməsi xahiş olunmuşdur. Həmişə olduğu kimi iddiaçının xx.xx.2025-ci ilə qədər gözləməyini, narahat olmamağını ödənişi xx.xx.2025-ci il tarixdə mütləq göndərəciyini qeyd etmişdir. İddiaçı təkrar Cavabdeh sözlərinə, vədlərinə inanaraq həmin müddətə qədər gözləmişdir. Bunu təsdiqləyən fevral tarixindən etibarən bu günədək “whatsapp” üzərindən mesajlar, həmçinin zənglər mövcuddur. İndiyə qədər də yuxarıda qeyd edilən məbləğdən iddiaçıya heç bir ödəniş edilməmişdir. Cavabdeh iddiaçıya ümumilikdə 1240 manat pul borclu qalmışdır. Beləliklə, Cavabdeh öhdəliyi vaxtında icra etməməsi iddiaçının qanunla qorunan mənafelərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Eyni zamanda borcun ödənilməsinin gecikdirilməsi iddiaçının maddi ziyana məruz qalması ilə nəticələnmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-826/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “alqı-satqı üzrə pul tələbi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, yaşayış yerinin uzaq olması səbəbi ilə iclasda iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan, yəni qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, işlə bağlı bütün zəruri sübutların onun tərəfindən məhkəməyə təqdim edildiyini, əlavə sübutların olmadığını və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun könüllü surətdə ödənilməsi üçün 10 iş günü müddətində vaxt verilmişdir. Əks təqdirdə öhdəliyin icrasından yayındığı üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında “Whatsapp” ani mesajlaşma tətbiqindən tərəflərin yazışmalarını özündə əks etdirən şəkillərdən məlum olur ki, həqiqətən də iddiaçı cavabdehə nisyə şəkildə mal vermiş və cavabdeh də bu borcu qaytaracağını vəd etmişdir. Sonradan isə iddiaçının tələblərinə baxmayaraq borcun ödənişini həyata keçirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında faktiki şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin razılaşma üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, belə ki, o, razılaşma predmeti olan 300 kq fındıq məhsulunu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni aldığı malın dəyərini iddiaçının ondan vaxtaşırı tələb etməsinə baxmayaraq vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən satdığı malların dəyərinin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1240 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə hesab edir ki, borca görə yaranan faizlərin tutulması hissəsində tələb təmin olunmamalıdır. Cavabdehin iddiaçıya olan borcuna görə faizlərin yaranmasını özündə əks etdirən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia qismən təmin edilsin. Cavabdeh 1240 (min iki yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar