Məhkəmə qərarları › İş №e-2(071)-860/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-860/2024

05.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-860/2024 05.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin abonent kodu **********00687 olan sayğacına əsassız olaraq hesablanmış 2110 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Yaşadığı fərdi yaşayış evi ona məxsusdur. "xxxx" ASC tərəfindən həmin fərdi yaşayış evinə işıq xətti çəkilmişdir. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və hər ay nə qədər borcu varsa onu vaxtından əvvəl, yəni karta ödəniş edərək istifadə edir. Yaxın vaxtlarda smart karta 10 manat pul yüklədikdən sonra görmüşdür ki, həmin məbləğdən 9 manat borc tutulmuş, geriyə isə 1 manat məbləğində balans qalmışdır. O, bu barədə "xxxx" ASC-nin Hacıqabul və Şirvan filiallarına müraciət edərək məsələyə aydınlıq gətirmiş və məlum olmuşdur ki, əssasız olaraq ona 2.110 manat borc hesablanmışdır. Həmin borcu qanunsuz və əsassız hesab edir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddianı dəqiqləşdirmə barədə ərizə verərək bildirmişdir ki, iş üzrə cavabdeh məhkəməyə təqdim etdiyi sübutlarda iddiaçının 1.307 manat borcu olduğunu qeyd etmişdir. Hazırda həmin, mövcud olan 1.307 manat borcun 1.100 manat hesablanmış hissəsini qanunsuz və əsassız hesab edir və 1.100 (min yüz manat) borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, bu səbəblə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, hazırda iddiaçının 1.307 manat borc vardır və iddiaçının dəqiqləşdirmə ərizəsi nəzərə alınaraq, mövcud borc məbləğinin 1.100 (min yüz manat) hissəsinin silməsi və iddianın bu hissədə təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 222 nömrəli arayışa əsasən, X1 rayonunun Muğan qəsəbəsində qeydiyyatda olmaqla, hal-hazırda Qarasu kəndində yaşayır. "xxxx" ASC X4 Təchizatı və Satışı İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2024cü il tarixində məhkəməyə yazılı müraciət ünvanlayaraq bildirmişdir, iddia ərizəsinə əsasən "xxxx" ASC X4 Təchizatı və Satışı İdarəsi tərəfindən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, İddiaçı iddia qaldırdığı vaxt ərzində **********00687 saylı kod üzrə abonentin 2110 manat borcu olmuşdur. Həmin borcun başlıca yaranma səbəbi abonent tərəfindən elektrik enerjisi üzrə sərfiyyatın yüksək olması, ödənilmiş məbləğin isə borca nisbətdə az olduğu müəyyən olunur. Qeyd edilmişdir ki, abonent və ya onun nümayəndəsi tərəfindən rəsmi olaraq “Azərişıq" ASC-yə müraciət olunmuş və bu müraciət əsasında aparılmış araşdırmalar nəticəsində abonent dövriyyəsindən xx.xx.2024-cü il tarixdə 210 manat, xx.xx.2024-cü il tarixdə isə 565,51 manat, ümumilikdə isə 775,51 (yeddi yüz yetmiş beş manat əlli bir qəpik) manat pul vəsaiti silinərək borc məbləği azaldılmışdır. Hal-hazırda abonentin istifadə olunmuş və lakin dəyəri ödənilməmiş 1307 (bir min üç yüz yeddi manat) manat debitor borcu vardır. Yazılı müraciətə əlavə olunmuş (abonent kodu **********00687 olan) abonentin saldosundan müəyyən edilir ki, abonentin hesabındakı hazırki borc məbləği 1.307 (bir min üç yüz yeddi manat) təşkil edir. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilkin olaraq 2110 manat borcun silinməsi ilə bağlı məhkəmə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən verilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, həqiqətdə cavabdeh tərəfindən ona 1307 manat qalıq borc hesablanmışdır. İddiaçı, qalıq qalan 1307 manat borcdan, 1100 manat hissəsini əsassız hesab edərək dəqiqləşdirmə ərizəsi ilə təkrarən məhkəməyə müraciət edərək ilkin tələbindən qismən imtina etmişdir. Cavabdeh isə qalıq qalan 1307 manat borcdan 1100 manat hissəsinin silinməsinə etiraz etməmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, abonent kodu **********00687 olan istehlakçı İddiaçı məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh Azərişıq” ASC tərəfindən hesablanmış borcdan qalıq qalan 1307 manatdan 1.100 (min yüz) manat məbləğində hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abonent kodu **********00687 olan istehlakçı İddiaçı məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar cavabdeh Azərişıq” ASC tərəfindən hesablanmış 1100 (min yüz) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar