Məhkəmə qərarları › İş №e-2(071)-942/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-942/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-942/2025 23.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 00498367 saylı nisyə alqı-satqı müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış 2985 manat, gecikdirilmiş hər günə görə hesablanmış 298 manat faiz borcu olmaqla, ümumilikdə 3283 manat məbləğindəki pul vəsaitini və iddianın verilməsi üçün ödənilmiş 49,85 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 00498367 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr əsasında alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan mal satılmışdır. Alıcı Cavabdeh1 və Cavabdeh2 isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdır. Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn ümumi 10.485 (on min dörd yüz səksən beş) manat məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7500 (yeddi min beş yüz) manat ödəniş olmuş və hal hazırda 2985 (iki min doqquz yüz səksən beş) manat məbləğində borcu qalmaqdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış nisyə-alqı satqı müqavilələrinin 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 %-i məhsula əlavə qiymət hesablanacaq. Həmin cərimə malın dəyərinin və ya ödənişin cəmi məbləğinin 10%-dən artıq ola bilməz. Bu bəndə əsasən cavabdehlərin ödənilməmiş borc məbləği 2985 manat, gecikdirilən günlər üçün hesablanan faiz borcu 298 manat təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 3283 manat təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-942/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair e-2(071)-942/2025 saylı mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia icraatına keçilməsinin əsasları ondan ibarət olmuşdur ki, iddiamı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar arasında araşdırılma zərurəti olan ziddiyyətlərin mövcud olması, xüsusilə də zaminlik müqaviləsinin natamam imzalanması olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, cavabdeh zamin Cavabdeh2 tərəfindən müqavilənin imzalanmamasının səbəbi müqavilənin onlayn formada bağlanması olmuşdur. Belə ki, məhsul ünvana tam çatdırıldıqdan sonra zamin tərəfindən imzalanmalı idi, lakin anlaşılmazlıq nəticəsində zamin imza çəkilməmişdir. Etiraf edir ki, alqı-satqı müqaviləsinin predmetindən biri olan soyuducunun problemli olması ilə bağlı cavabdeh tərəfindən hüquqlarını təmsil etdiyi iddiaçı şirkətə məlumat vermişdir. Hesab edir ki, ilkin vaxtlarda cəmiyyətin əməkdaşı səhlənkarlıq etmişdir. Daha snra o, yanmış problemin həll edilməsi məqsədilə özü şəxsən ünvana servisin mütəxəssisi ilə birlikdə getmiş, mütəxəssis soyuducuya müdaxilə olunduğunu bildirmişdir. Belə olduğu halda isə Cəmiyyət tərəfindən servis xidməti göstərilmir. Həmin vaxt Cavabdeh1 ona bildirmişdir ki, soyuducunu Şirvan şəhərinə göndərəcək və onlar da oradan götürəcəklər. Lakin sonradan fikrini dəyişmişdir. Cavabdeh isə bir neçə gün əvvəl əlavə olaraq 1000 manat məbləğində pul ödəmişdir. Cavabdeh 3500 manat ilkin ödəniş etmiş, daha sonra 4000 manat və 1000 manat olmaqla, cəmi 8500 manat ödəniş etmişdir. Cavabdeh qalan məbləğlə razılaşacağı təqdirdə, qalan borcdan ona 590 manat güzəşt edilə bilər. Belə ki, müqavilə şərtlərinə görə 590 manat o halda güzəşt məbləği hesab edilə bilərdi ki, cavabdeh borcunu qrafik üzrə vaxtlı-vaxtında ödəyəcəkdir. Lakin cavabdeh öhdəliyini lazımı şəkildə icra etmədiyindən güzəşt məbləğinin ona münasibətdə tətbiq edilməsindən imtina edir. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, hazırda cavabdehin ödənilməmiş qalan 1985 manat borcunun və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsi ilə müraciət edildiyi vaxt cavabdehlərin borcu 2985 manat təşkil etsə də, sonradan cavabdeh tərəfindən 1000 manat ödəniş edilmişdir. Qalıq borc üzrə ödənilməmiş faiz borcu yoxdur. İddia ərizəsində qeyd olunan faiz borcu əsasən dəbbə borcu kimi hesablanmışdır. Satılmış soyuducunun qiyməti 1844 manat təşkil edir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdehlə danışıqlar aparılmış, iş məhkəmənin icaraatında olduğu dövrdə mübahisəli soyuducudakı nasazlığın aradan qaldırılması üçün cavabdeh tərəf öz vəsaiti hesabına soyuducunu gətirib servisə təhvil vermişdir. Bu müddətdə, soyuducudakı nasazlıq aradan qaldırılmış, soyuducu işlək vəziyyətdə təxminən 1 həftə test edilmiş, test bitdikdən sonra soyuducunun artıq saz vəziyyətdə olduğu qənaətinə gəlinərək cavabdehə təhvil verilməsi üçün göndərilmiş, lakin hazırda cavabdeh həmin əmlakı qəbul etməkdən imtina etmişdir. Belə ki, o sözügedən əmlakın qüsurlu olduğunu, dolayısıyla yeni soyuducu istədiyini bildirmişdir. Sonuncu məhkəmə iclasından sonra o, cavabdehə bildirmişdir ki, ödənilməmiş qalan 1985 manat borcdan əgər 1200 manat ödəniş edərsə, qalan borcu tələb etmir və məhkəmədə bununla bağlı irəli sürülmüş iddianı geri götürəcəkdir. Lakin cavabdeh bundan da imtina etmişdir. Soyuducunun nasaz olması ilə bağlı cavabdeh tərəf 2025-ci ilin avqust ayında müraciət etmiş, müraciətdən bir neçə gün sonra soyuducunun buraxılışını təmin edən servisin mütəxəsəssisi cavabdehin yaşadığı ünvana gəlmiş, lakin Cavabdeh1 evdə olmaması səbəbindən texniki baxışı həyata keçirmək mümkün olmamışdır. Hazırki iddia tələbi məhz ödənilməmiş qalan 1985 manat pul vəsaitindən ibarətdir. İddianın qeyd olunan hissədə təmin edilməsini xahiş edir. Satılan soyuducunun vitrin malı olmasını qəbul edir. Lakin soyuducunun vitrin malı olmasını onun nasaz olması ilə əlaqələndirilməsini qəbul etmir. Belə ki, vitrin malları ancaq alıcının razılığı ilə verilir ki, məhsul satılan zaman mülki iş üzrə cavabdeh etiraz etməmişdir. Bundan başqa, soyuducuya baxış keçirən mütəxəssis həmçinin zəmanət talonu istəsə də, alıcı tərəfdən belə bir talan təqdim olunmamışdır. Cavabdehin özünün soyuducunu servisə qaytarması faktı üzrə çəkilmiş əlavə məsrəflər olaraq 150 manatı məbləğində pul vəsaitinin nəzərə alınmasına, həmin vəsaitin ümumi borc məbləğindən silinməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, mülki iş üzrə digər Cavabdeh2 ona zamin olmamışdır. Həmin şəxs onunla birlikdə tanışı olaraq getmişdir. Borcunu tam şəkildə ödəməmə səbəbi iddiaçı tərəfindən ona verilən soyuducunun ilk gündən yaranmış nasazlıq səbəbiylə işləməməsi olmuşdur. O, nasazlıqla bağlı vaxtında şirkətə məlumat verməsinə baxmayaraq, məhkəməyədək səhlənkarlıqla yanaşılmış və aradan qaldırılmamışdır. İddiaçı təşkilata bu barədə bildirdikdə onunla əlaqə saxlanacağını demişdir. Soyuducunu iddiaçı təşkilata iş məhkəmənin icraatında olduğu müddətdə öz vəsaiti hesabına qaytarmışdır. Bundan öncə iddiaçı ondan soyuducunu dəyişməkdən imtina etdiyi üçün, o, d öz növbəsində qalıq borcu ödəməkdən imtina etmişdit. O, soyuducuya heç bir müdaxilə etməmiş, təhvil verilən gündən bir gün sonra işləməyən zaman iddiaçı təşkilata zəng edərək bu barədə məlumat vermişdir. Hazırki problem ilə bağlı özünün kifayət qədər xərcləri olmuş, soyuducuya qoyduğu ət məhsulları xarab olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçıya olan ümumi borcu 2985 manat təşkil etmişdir ki, bundan da 1000 manat ödəniş etmişdir. Satılmış soyuducunun qiyməti 1844 manat təşkil edir. Bundan əvvəl iddiaçının nümayəndəsi ona bu ödənişi edərsə, mübahisənin birdəfəlik həll olunması üçün Cəmiyyətin rəhbəri ilə danışacağını bildirmiş, buna görə də 1000 manat məbləğində ödəniş etməyi təklif etmişdir. İddiaçı tərəfindən təxminən 500 manat məbləğində güzəşt edildikdən sonra onun ümumi borcu 10.485 manat təşkil etmişdir. Halbuki o, borcunu ödəməkdən yayınmamış, vaxtıvaxtında ödəniş etməklə, ümumilikdə 8500 manat məbləğində pul vəsati yekun borcundan çıxılmışdır. Sadəcə olaraq soyuducu nasaz olduğundan borcu qalan hissədə, yəni 1985 manat məbləğində pul vəsaitini ödəməkdən imtina etmişdir. Bundan əlavə o, soyuducu servisə qaytarmaq məqsədilə əlavə olaraq yol məsrəfləri çəkmişdir. Çəkdiyi məsrəflərin qarşılığı təxminən 150 manat təşkil edir. Həmin məbləğin də nəzərə alınmasını xahiş edir. O, həmçinin qeyd edir ki, soyuducu və digər ləvazimatları qızına cehiz əşyaları olaraq hədiyyə kimi almışdır, lakin soyuducuda yaranmış nasazlığa görə qudaları ilə aralarında mübahisə yaranmış, qudası özü yeni soyuducu almış, bu səbəbdən onun yeni soyuducu ilə bağlı iddiaçının öhdəliyi yerinə yetirməsinə belə gözlənilən marağı itmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh1 o, cehiz əmlakı alması məqsədilə İddiaçınə aparmış, oranın həmin əmlakları alması üçün maddi cəhətdən daha sərfəli olduğunu bildirmişdir. Müqavilədə qeyd olunan malları aldıqdan sonra Cavabdeh1 tərəfindən müqavilədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə vaxtı-vaxtında ödənişlər həyata keçirilmişdir. Alqısatqı edildikdən təxminən 1 həftə sonra Cavabdeh1 ona zəng edərək aldığı soyuducunun qüsurlu olduğunu, hazırda işləmədiyini bildirmişdir. O da buna cavab olaraq narahat olmamasını, problemin aradan qaldırılması üçün satıcı şirkətlə əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra o, Cəmiyyətin nümayəndəsi ilə əlaqə saxlamış, danışıq zamanı ona yaxın günlər ərzində soyuducuya baxış keçirməsi üçün ünvana mütəxəssisin göndəriləcəyi deyilmişdir. Lakin, sözügedən mütəxəssis gəlmədiyindən o, yenidən Cəmiyyətin məsul nümayəndəsi ilə əlaqə saxlamış və eyni problemlə bağlı təkrarən müraciət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı Salyan rayon Qaraçala kəndində yaşayan yaxın qohumu münasib qiymətlər olduğu üçün ona məsləhət görmüşdür. Tərəflər arasında bağlanan müqavilənin onun tərəfindən də imzalanıbimzalanmamasını hazırda xatırlamır. Soyuducuda qüsurun nə olduğunu bilmir, ancaq Cavabdeh1 ona bildirmişdir ki, soyuducunun elektrik qəbuledicisini elektrik yuvasına qoşduğunda soyuducu ümumiyyətlə işləməmişdir. Daha sonra o, yenidən Cəmiyyətin nümayəndəsi ilə əlaqə saxlamış, nümayəndə ona servisin mütəxəssisinin gəlib soyuducuya baxış keçirdiyini, əşyaya müdaxilə olunduğunu, bu səbəbdən işləmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 qudasıdır. Alınan cehiz əmlakı təxminən 10 gün sonra yaşadığı evə gətirilmişdir. Toy mərasimi bitdikdən sonra artıq qalan ət məhsulları xarab olmasın deyə soyuducuya qoymaq istəmişdir. Bu zaman daimi istifadədə olan soyuducuda yer olmadığında məcbur qalıb yeni alınan soyuducuya yerləşdirmək istəmişdir. Bir müddət sonra həmin yeni alınan soyuducunun işləmədiyini müəyyən etmiş, bunu isə içinə yerləşdirdiyi ət məhsullarının xarab olması ilə əlaqələndirmişdir. Bundan sonra, o və tanıdığı şəxslər İddiaçı ilə bir neçə dəfə əlaqə saxlamış, satılmış soyuducunun qüsurlu olduğunu bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq Cəmiyyət tərəfindən mütəxəssis göndərilməmişdir. Ancaq avqust ayında mütəxəssis göndərilmiş, bu zaman ona həmin soyuducunun istifadəyə yararlı olmadığını bildirmişdir. Buna cavab olaraq Cavabdeh1 ona nasaz vəziyyətdə olan malı istəmədiyini, odur ki, həmin əmlakı aparmasını istəmişdir. Servisin nümayəndəsi bundan sonra soyuducunu təhvil almışdır. Onun və ya digər şəxslər tərəfindən soyuducuya bu və ya digər formada hər hansı müdaxilə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Cavabdeh1 onun qaynatasıdır. Tərəflər arasındakı mübahisə soyuducu ilə bağlı olmuş, həmin soyuducu İddiaçındən cehiz-əmlak kimi alınmışdır. Toy mərasimindən qabaq həmin soyuducu evə yerləşdirilmiş, toy mərasimi bitdikdən sonra artıq qalan ət məhsulları xarab olmasın deyə soyuducuya yerləşdirilmiş və bir müddət sonra məlum olmuşdur ki, soyuducu istismara yararsız vəziyyətdə təhvil verilmişdir. Bundan sonra, İddiaçınə məlumat verilmiş, lakin satıcı tərəfindən məsələ ilə bağlı uzun müddət tədbir görülməmişdir. Bu barədə məlumat verildikdən ancaq 3-4 ay sonra servisdən usta gəlmiş və soyuducuya baxış keçirmişdir. Mütəxəssis bildirmişdir ki, soyuducu vitrin məhsulu olmaqla, işlənmiş mal hesab olunur və hazırda təmir edilməsi mümkün deyildir. Bundan sonra nasaz vəziyyətdə olan soyuducu Cəmiyyətə təhvil verilmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli nizamnamədən müəyyən edilir ki, İddiaçı 18 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə əsasında həyata keçirən müstəqil hüquqi şəxsdir. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1yyata alınmışdır. Nizamnamənin 5.1-ci və 5.2-ci bəndlərinə görə, Cəmiyyətin nizamnamə kapitalı 1000 (bir min) manat təşkil edir və bu kapitalın 100%-i (10 pay) yeganə təsisçi X1 məxsusdur. Müəyyən edilmişdir ki, Cəmiyyət nizamnamə məqsədlərinə uyğun olaraq ağacdan və digər materiallardan mebellərin istehsalı, tədarükü və satışı, habelə elektron avadanlıqların ticarəti və faktorinq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. İş materiallarında olan alqı-satqı müqaviləsindən müəyyən edilir ki, 01 may 2024-cü il tarixində İddiaçı (Satıcı) ilə Cavabdeh1 Həsənağa oğlu (Alıcı) arasında istehlak mallarının nisyə alqı-satqısına dair 00498367 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndində sadalanan və ümumi bazar dəyəri 10.485 manat olan mallar (o cümlədən “Delfa” soyuducusu, “Hoffmann” paltaryuyanı, “Damla Okean” mebel dəsti və s.) Alıcının mülkiyyətinə verilmişdir. Tərəflər arasında əldə olunmuş xüsusi razılığa əsasən, satışın yekun qiyməti 9900 manat olaraq təsbit edilmişdir. Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq, Alıcı tərəfindən 3500 manat məbləğində beh (ilkin ödəniş) ödənilmiş, yerdə qalan 6985 manat məbləğində borcun isə tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq 1 iyun 2024-cü il tarixdən 1 avqust 2024-cü il tarixədək 3 bərabər hissədə (aylıq 2328-2329 manat) ödənilməsi öhdəliyi götürülmüşdür. Müqavilənin 6.2-ci bəndi ilə müəyyən edilmişdir ki, ödənişlər 10 gündən artıq gecikdirildiyi təqdirdə, hər gecikdirilmiş gün üçün aylıq ödənişin 1%-i miqdarında cərimə faizi hesablanacaqdır. Eyni zamanda müqavilədən görünür ki, tərəflər arasında mübahisə predmeti olan “Delfa” markalı soyuducunun dəyəri 1844 manat təşkil etmişdir. Eyni zamanda müqavilədən müəyyən edilir ki, Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə zamin qismində cəlb edilmiş, lakin müqavilənin sonunda satıcının və alıcının imzaları olan qrafalarda zamin durmuş şəxsin imzası aşkar edilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli kassa mədaxil orderindən müəyyən edilir ki, mülki iş üzrə Cavabdeh1 tərəfindən həmin tarixdə 1000 (min) manat məbləğində Cəmiyyətin hesabına ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (servis şirkəti) tərəfindən verilmiş F00007697 saylı qüsur aktında müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində İddiaçı ilə Cavabdeh1 Həsənağa oğlu arasında istehlak mallarının nisyə alqısatqı müqaviləsi üzrə cavabdehə satılmış “Delfa” markalı soyuducuda yaranmış texniki problemlə bağlı alıcının ilkin şikayəti əsasında usta tərəfindən təmir-bərpa işləri aparılsa da, problem həll olunmamışdır. Nəticədə məhsulun servis mərkəzinə gətiriləcəyi qeyd olunmuş, Cavabdeh1 və usta tərəfindən akt imzalanmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş F00008700 saylı qüsur aktında müəyyən edilir ki, nisyə-alqı satqı müqaviləsi üzrə cavabdehə satılmış “Delfa” markalı soyuducuda yaranmış texniki problemlə bağlı yenidən müraciətə baxılmış, lakin nasazlıq yerində aradan qaldırıla bilinmədiyindən usta X3 tərəfindən təmir üçün götürülmüşdür. Problemin həll olunacağı tarix kimi xx.xx.2025-ci il qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2-ci maddəyə əsasən alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəyə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. 583.2-ci maddəyə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. Həmin Məcəllənin 584.1-ci maddəsinə əsasən Qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət (yararlıq müddəti) müəyyənləşdirilə bilər. 584.2-ci maddəyə əsasən satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. Həmin Məcəllənin 585-ci maddəsinə əsasən əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir. Həmin Məcəllənin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3-cü maddəyə görə əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir Həmin Məcəllənin 588-ci maddəsinə əsasən 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 589-cü maddəsinə əsasən .1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.4. Alğı-satqı müqaviləsində komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha qısa qarantiya müddəti müəyyənləşdirildikdə alıcı komplektləşdirici məmulatın qüsurları ilə bağlı tələbləri həmin qüsurları əsas məmulatın qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.589.5. Müqavilədə komplektləşdirici məmulat üçün əsas məmulata nisbətən daha uzun qarantiya müddəti müəyyənləşdirildikdə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri əsas məmulatın qarantiya müddətinin bitib-bitmədiyindən asılı olmayaraq komplektləşdirici məmulatın qüsurlarını onun qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.6. Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Həmin Məcəllənin 595-ci maddəsinə əsasən595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. Həmin Məcəllənin 596-cı maddəsinə əsasən 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 596.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanununa əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir (maddə 12). Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir (maddə 15). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış alqı-satqı müqaviləsindən irəli gələrək cavabdehlərdən pul öhdəliyinin icrasını tələb etmişdir. İş materiallarından, təqdim edilmiş müqavilədən, ödəniş qəbzlərindən və tərəflərin izahatlarından aydın olur ki, müqavilə üzrə ödənilməli olan ümumi məbləğ satıcı tərəfindən güzəşt tətbiq edildikdən sonra 10.485 (on min dörd yüz səksən beş) manat təşkil etmişdir. Həmin məbləğin 3500 manatı ilkin ödəniş kimi, 4000 manatı ödəniş qrafiki üzrə və məhkəmə icraatı dövründə isə əlavə olaraq 1000 manat məbləğində ödəniş edilmişdir. Bununla da, iddiaçı tərəfindən irəli sürülmüş tələbə əsasən cavabdehlərin üzərində qalan borc məbləği 1985 (10485-8500) manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, göstərilən 1985 manat məbləğin 1844 manatı iddiaçı tərəfindən cavabdehlərə satılmış soyuducunun dəyəri ilə bağlıdır. Cavabdehlər həmin məhsulun qüsurlu olduğunu, istifadəyə yararsız vəziyyətdə təqdim edildiyini bildirərək bu hissədə ödəniş etməkdən imtina etmişdirlər. Tərəflərin izahatlarından və iş materiallarından aydın olur ki, mübahisəli soyuducu hazırda satıcı şirkət olan iddiaçıya qaytarılmış, cavabdehlər tərəfindən həmin məhsul qəbul edilməmişdir. İş üzrə toplanmış sübutlar və tərəflərin ifadələri əsasında müəyyən edilmişdir ki, soyuducu faktiki olaraq nasaz olmuş, iddiaçı tərəfindən qüsurun vaxtında aradan qaldırılması və ya məhsulun dəyişdirilməsi təmin edilməmişdir. İddiaçı (nümayəndəsi) tərəfindən məhsulun sıradan çıxmasının alıcının müdaxiləsi nəticəsində baş verdiyi iddia edilsə də, bu halı təsdiq edən hər hansı mötəbər və qanuni sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdehlər tərəfindən 150 manat məbləğində danışıq xərclərinin çəkildiyi bildirilmiş, iddiaçı həmin halı qəbul etmişdir. Həmçinin iddiaçı soyuduca aşkar edilmiş qüsurun faktiki olaraq aradan qaldırılması ilə bağlı mötəbər sübutunun məhkəməyə təqdim edə bilməmiş. Dolayısı ilə, hazırkı halda Cavabdeh1 öz öhdəliyini icra etməməsində onun təqsiri müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə Cavabdeh2 münasibət hesab edir ki, iddia tələbi təmin edilə bilməz, belə ki, müqavilə onun tərəfindən imzalanmadığından və onun tərəfindən hər hansı öhdəliyin icrasından söhbət gedə bilməz. Dolayısı ilə işin faktik hallarından görünür ki, onunla iddiaçı arasında qarşılıqlı müqavilə bağlanmamışdır. Ona münasibətdə iddiaçının öhdəliyin icrası ilə bağlı tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlar İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülmüş tələbin tam həcmdə əsaslı olmadığını təsdiq edir. Belə ki, alqı-satqı münasibətlərindən irəli gələrək satıcı tərəf kimi iddiaçının üzərinə müqavilə və qanunvericiliklə müəyyən edilmiş əsas öhdəlik – alıcıya keyfiyyətli, istifadəyə yararlı və müqavilə şərtlərinə uyğun mal təqdim etmək vəzifəsi düşür. Lakin iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə təqdim edilmiş soyuducu qüsurlu olmuş, bu hal sonradan aradan qaldırılmamış, məhsul dəyişdirilməmiş və mübahisəli mal faktiki olaraq satıcı şirkətə qaytarılmışdır. Bu baxımdan, cavabdehlərin üzərində qaldığı göstərilən 1985 manat borcun 1844 manat hissəsinin qüsurlu mala aid olması həmin məbləğin cavabdehlərdən tutulmasını əsassız edir. Göstərilən məbləğ çıxıldıqdan sonra qalan 141 manat borc məbləği cavabdehlərin çəkdiyi və iddiaçı tərəfindən qəbul edilən 150 manat danışıq xərci ilə qarşılıqlı olaraq ödənilmiş hesab olunmalıdır. Hansı ki, həmin məbləğ iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmişdir. Beləliklə, tərəflər arasında tutulmalı olan hər hansı qalıq borcun mövcud olmadığı qənaətinə gəlinir. Eyni zamanda, iddiaçı tərəfindən gecikdirməyə görə faiz tələbinin irəli sürülməsi də əsaslı hesab edilmir. Çünki gecikmənin baş verməsi birbaşa olaraq satılmış məhsulun qüsurlu olması və iddiaçı tərəfindən bu halın vaxtında aradan qaldırılmaması ilə əlaqədar olmuşdur. Yəni, öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı Cavabdeh1 təqsiri müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbi borcun tutulması hissədə təmin edilmədiyindən, məhkəmə xərcləri də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar