Məhkəmə qərarları › İş №e-2(072)-1091/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1091/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1091/2025 03.03.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5685557 saylı, 15 mart 2019cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “Soliton” mağazasından ilkin ödəniş 55 (əlli beş) AZN məbləğində olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1375 (min üç yüz yetmiş beş) AZN məbləği olan 1 (bir) ədəd “BLOMBERG WAFN 71020” markalı paltaryuyan maşın satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “BLOMBERG WAFN 71020” markalı paltaryuyan maşının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 55 (əlli beş) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən İddiaçı qarşısında öhdəliklərini icra etməyən Cavabdeh iddiaçıya olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh İddiaçı 10 fevral 2026-cı il tarixə 442 (dörd yüz qırx iki) AZN məbləğində əsas borcu, 133 (yüz otuz üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 575 (beş yüz yetmiş beş) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 562 (beş yüz altmış iki) AZN məbləğində əsas borcun, 168 (yüz altmış səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 730 (yeddi yüz otuz) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini qəbul edərək, iddia iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********-dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış RSK5685557 saylı, 15 mart 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı tərəfindən (“Soliton” mağazası) ilkin ödəniş 55 (əlli beş) AZN məbləğində olmaqla, 24 (iyirmi dörd) ay müddətinə ümumi dəyəri 1375 (min üç yüz yetmiş beş) AZN məbləği olan 1 (bir) ədəd “BLOMBERG WAFN 71020” markalı paltaryuyan maşın “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan RSK5685557 saylı, 15 mart 2019-cu il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh RSK5685557 saylı, 15 mart 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1375 (min üç yüz yetmiş beş) AZN məbləği olan 1 (bir) ədəd “BLOMBERG WAFN 71020” markalı paltaryuyan maşını təhvil almışdır. İş materillarında olan RSK5685557 saylı, 15 mart 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən və ona əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1375 (min üç yüz yetmiş beş) AZN məbləği olan 1 (bir) ədəd “BLOMBERG WAFN 71020” markalı paltaryuyan maşının dəyərinə görə 24 (iyirmi dörd) ay müddətinə hər ay 55 (əlli beş) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı xeyrinə ödəməlidir və müqavilənin 2.4-cü bəndinə əsasən aylıq ödəniş gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı”nın xeyrinə ödəməlidir. İş materiallarında olan 10 fevral 2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 10 fevral 2026-cı il tarixə İddiaçı 442 (dörd yüz qırx iki) AZN məbləğində əsas borcu, 133 (yüz otuz üç) AZN məbləğində cərimə borcu və ümumilikdə 575 (beş yüz yetmiş beş) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 26 avqust 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən (********** saylı, 11 sentyabr 2023-cü il tarixli ödəniş qəbzi) görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “168 (yüz altmış səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “168 (yüz altmış səkkiz) AZN məbləğində cərimə borcu 25 (iyirmi beş) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, 14 mart 2021-ci il tarixdən sonrakı 10 fevral 2026-cı il tarixədək ödənişlər nəzərə alınmaqla, Cavabdeh 442 (dörd yüz qırx iki) AZN məbləğində əsas borc, 25 (iyirmi beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 467 (dörd yüz altmış yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla...) tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 442 (dörd yüz qırx iki) AZN məbləğində əsas borc, 25 (iyirmi beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 467 (dörd yüz altmış yeddi) AZN məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar