Məhkəmə qərarları › İş №e-2(072)-182/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-182/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-182/2024 08.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sığortalı X1 istifadəsində olan “MERCEDES-BENZ E200” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə (könüllü sığorta müqaviləsi...) sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 10 iyul 2020-ci il tarixindən 09 iyul 2021-ci il tarixədək 1 (bir) il müddətinə sığortalanmışdır. 09 sentyabr 2020-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, R.Rüstəmov küçəsi ərazisində Cavabdeh “TOYOTA HİLUX” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı “MERCEDES-BENZ E200” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və avtomobili idarə edən şəxs, “sığortalı” X2 maddi zərər dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Dövlət X4 TP ******* saylı, 11 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) AZN məbləğində cərimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 134913 saylı, 13 sentyabr 2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatına əsasən “MERCEDES-BENZ E200” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş fiziki şəxs (sığortalı) X2 5257.60 (beş min iki yüz əlli yeddi, altmış) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 088382 saylı, 17 sentyabr 2020-ci il tarixli “Sığorta aktı”na əsasən zərərçəkmiş şəxs (sığortalı) X2 5257.60 (beş min iki yüz əlli yeddi, altmış) AZN məbləğində sığorta ödənişi hesablanmış və sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya qaydasında dəymiş zərərə görə ödənilən 5257.60 (beş min iki yüz əlli yeddi, altmış) AZN məbləğində pulun 5000 (beş min) AZN məbləği “TOYOTA HİLUX” markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 257.60 (iki yüz əlli yeddi, altmış) AZN məbləği isə Cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən də, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 257.60 (iki yüz əlli yeddi, altmış) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz ) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC ilə X3 arasında bağlanmış **********6 saylı, 09 iyul 2020-ci il tarixli “Tam sığorta müqaviləsi”nə dair şəhadətnamənin surətindən görünür ki, sığortalı X1 istifadəsində olan “MERCEDES-BENZ E200” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 10 iyul 2020-ci il tarixdən 09 iyul 2021-ci il tarixədək 1 (bir) il müddətinə ******* (iki yüz əlli min) AZN məbləği həcmində sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, “TOYOTA HİLUX” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin “mülkiyyətçisi” Cavabdehdur, “hadisə baş verdiyi anda sürücü” Cavabdeh olmuşdur. İş materillarında olan Bakı şəhəri Sabunçu Rayon Dövlət X4 TP ******* saylı, 11 sentyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) AZN məbləğində cərimə edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 134913 saylı, 13 sentyabr 2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatının surətindən görünür ki, zərərçəkmiş şəxs (sığortalı) X2 5257.60 (beş min iki yüz əlli yeddi, altmış) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan 088382 saylı, 17 sentyabr 2020-ci il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən əmlaka dəymiş zərərə görə sığortalı X2 5257.60 (beş min iki yüz əlli yeddi, altmış) AZN məbləği həddində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan 9022 saylı, 15 sentyabr 2020-ci il tarixli “Ödəniş tapşırığı”na əlavənin surətindən görünür ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişini almaq üçün sığortalı X2 bank hesabı açılmış və hesabına 5257.60 (beş min iki yüz əlli yeddi, altmış) AZN məbləği həddində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan O-AP-2021/0596 saylı, 10 fevral 2021-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh subroqasiya tələbi qaydasında sığorta ödənişi barədə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********56 saylı, 02 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz ) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər... Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, 1. Sığortalı X2 məxsus “MERCEDES-BENZ E200” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 10 iyul 2020-ci il tarixdən 09 iyul 2020-ci il tarixədək 1 (bir) il müddətinə ******* (iki yüz əlli min) AZN məbləği həcmində tam sığortası növü üzrə (könüllü sığorta müqaviləsi...) sığortalandığı; 2. Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edildiyi; 3. İddiaçı Sığorta Şirkəti ASC zərərin sığorta ödənişindən artıq olan hissəsi məbləğində Cavabdeh subroqasiya hüququ yarandığı; 4. Mülki hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə maddi zərərin dəyməsi və maddi zərərin məbləği məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 257.60 (iki yüz əlli yeddi, altmış) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz ) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 257.60 (iki yüz əlli yeddi, altmış) AZN məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar