Məhkəmə qərarları › İş №e-2(072)-282/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-282/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-282/2025 03.09.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi: X1, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış KG-BS17/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 16 (on altı) ay müddətinə ümumi dəyəri 1690 (min altı yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı su təmizləyici sistemi satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “LG” markalı su təmizləyici sisteminin dəyərinə görə 16 (on altı) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissəhissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 14 yanvar 2025-ci il tarixə 1690 (min altı yüz doxsan) AZN məbləğində əsas borcu, 270.40 (iki yüz yetmiş, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 1960.40 (min doqquz yüz altmış, qırx) AZN məbləğində borcu mövcuddur. Bütün bunları nəzərə alaraq, Cavabdeh 1690 (min altı yüz doxsan) AZN məbləğində əsas borcun, 270.40 (iki yüz yetmiş, qırx) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1960.40 (min doqquz yüz altmış, qırx) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 40.01 (qırx, sıfır bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı MMC ilə onun arasında bağlanmış KG-BS17/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 16 (on altı) ay müddətinə ümumi dəyəri 1690 (min altı yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı su təmizləyici sistem satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən o, 1 (bir) ədəd “LG” markalı su təmizləyici sisteminin dəyərinə görə 16 (on altı) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən həmin su təmizləyici sistemi tam işlək və qüsursuz vəziyyətdəona təhvil verilmişdir. Lakin o, həmin su təmizləyici sistemini istifadə etdikdən bir neçə gün sonra avadanlıqda qüsur aşkarlanmışdır. Bu barədə bir neçə dəfə mobil telefon vasitəsilə İddiaçı MMC-nin əməkdaşlarına məlumat vermişdir. Lakin avadanlıqda yaranmış qüsur və İddiaçı MMC-nin əməkdaşlarına məlumat verməsi ilə bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq hesab edir ki, zəmanət müqaviləsinin şərtlərinə əsasən su təmizləyici sistemində yaranmış qüsurun İddiaçı MMC tərəfindən aradan qaldırılması mümkündür. Bu səbəbdən də, İddiaçı MMC-nin ona qarşı “pul” tələbinə dair iddianı qismən qəbul edir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində cəmiyyətə olan pul borcunu hissə-hissə olmaqla, tam şəkildə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, hal-hazırda alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən dəbbə pulu borcunun məbləği yüksək həddə hesablanmışdır. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, İddiaçı MMC-nin ona qarşı “pul” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış KG- BS17/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 16 (on altı) ay müddətinə ümumi dəyəri 1690 (min altı yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı su təmizləyici sistemi satılmışdır. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh KG-BS17/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 1690 (min altı yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı su təmizləyici sistemi tam işlək və qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan KG-BS17/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1690 (min altı yüz doxsan) AZN məbləği olan 1 (bir) ədəd “LG” markalı su təmizləyici sisteminin dəyərinə görə 16 (on altı) ay müddətinə hər ay 100 (yüz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və müqavilənin 4.5-ci bəndinə əsasən “alıcı” ödənişi, ödəniş cədvəlində müəyyən edilmiş müddətə ödəməsə, hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 2 % məbləğində cərimə (dəbbə pulu) ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 14 yanvar 2025-ci il tarixə 1690 (min altı yüz doxsan) AZN məbləğində əsas borcu, 270.40 (iki yüz yetmiş, qırx) AZN məbləğində cərimə borcu və ümumilikdə 1960.40 (min doqquz yüz altmış, qırx) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 26 fevral 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 40.01 (qırx, sıfır bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə irəli sürülmüş iddia tələbinin “270.40 (iki yüz yetmiş, qırx) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı MMC-yə olan öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “270.40 (iki yüz yetmiş, qırx) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 1690 (min altı yüz doxsan) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1740 (min yeddi yüz qırx) AZN məbləğində borc, 35.15 (otuz beş, on beş) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidməti haqqı tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1690 (min altı yüz doxsan) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 1740 (min yeddi yüz qırx) AZN məbləğində borc, 35.15 (otuz beş, on beş) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidməti haqqı tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar