Məhkəmə qərarları › İş №e-2(072)-395/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-395/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-395/2024 28.06.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 12 (on iki) ay müddətinə aylıq ödəniş 124 (yüz iyirmi dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 1478.39 (min dörd yüz yetmiş səkkiz, otuz doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı oyun konsulu satılmışdır. Bundan başqa, ********* saylı, 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən cəmiyyət tərəfindən ilkin ödəniş 20.50 (iyirmi, əlli) AZN olmaqla, cavabdehə 12 (on iki) ay müddətinə aylıq ödəniş 130 (yüz otuz) AZN məbləği olmaqla, ümumi dəyəri 1549.49 (min beş yüz qırx doqquz, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR” markalı planşet satılmışdır. Alğı-satqı müqavilələrinə əsasən cəmiyyət qarşısında öhdəliklərini icra etməyən Cavabdeh cəmiyyətə olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh cəmiyyətə 18 aprel 2024-cü il tarixə ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1354.30 (min üç yüz əlli dörd, otuz) AZN məbləğində əsas borcu, 4062 (dörd min altmış iki) AZN məbləğində cərimə borcu, ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1549.40 (min beş yüz qırx doqquz, qırx) AZN məbləğində əsas borcu, 4648 (dörd min altı yüz qırx səkkiz) AZN məbləğində cərimə borcu mövcuddur. Belə ki, cəmiyyət tərəfindən cərimə məbləği güzəşt edilərək, aşağı məbləğdə tələb edilir. Qeyd edilənlərə əsasən, Cavabdeh ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən 1354.30 (min üç yüz əlli dörd, otuz) AZN məbləğində əsas borcun, 406.20 (dörd yüz altı, iyirmi) AZN məbləğində cərimə borcunun, ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1549.40 (min beş yüz qırx doqquz, qırx) AZN məbləğində əsas borcun, 464.80 (dörd yüz altmış dörd, səksən) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3774.70 (üç min yeddi yüz yetmiş dörd, yetmiş) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 57.75 (əlli yeddi, yetmiş beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən 12 (on iki) ay müddətinə aylıq ödəniş 124 (yüz iyirmi dörd) AZN məbləği olmaqla, ümumi dəyəri 1478.39 (min dörd yüz yetmiş səkkiz, otuz doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı oyun konsulu “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əsasən ümumi dəyəri 1478.39 (min dörd yüz yetmiş səkkiz, otuz doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı oyun konsulunu təhvil almışdır. İş materiallarında olan ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1478.39 (min dörd yüz yetmiş səkkiz, otuz doqquz) AZN məbləği olan 1 (bir) ədəd “SONY” markalı oyun konsulunun dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 124 (yüz iyirmi dörd) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı MMC tərəfindən ilkin ödəniş 20.50 (iyirmi, əlli) AZN olmaqla, 12 (on iki) ay müddətinə aylıq ödəniş 130 (yüz otuz) AZN məbləği olmaqla, ümumi dəyəri 1549.49 (min beş yüz qırx doqquz, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR” markalı planşet “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli “təhvil-təslim aktı”n surətindən görünür ki, “alıcı Cavabdeh ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 1549.49 (min beş yüz qırx doqquz, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR” markalı planşeti təhvil almışdır. İş materiallarında olan ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 1549.49 (min beş yüz qırx doqquz, qırx doqquz) AZN məbləği olan 1 (bir) ədəd “İPAD AİR” markalı planşetin dəyərinə görə 12 (on iki) ay müddətinə hər ay 130 (yüz otuz) AZN məbləğində pulu hissə-hissə “satıcı” İddiaçı MMC-nin xeyrinə ödəməlidir və “alıcı” ödənişləri gecikdirdikdə, aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli maliyyə arayışının sürətindən görünür ki, Cavabdeh cəmiyyətə 18 aprel 2024-cü il tarixə ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1354.30 (min üç yüz əlli dörd, otuz) AZN məbləğində əsas borcu, 4062 (dörd min altmış iki) AZN məbləğində cərimə borcu və ümumilikdə 5416.30 (beş min dörd yüz on altı, otuz) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh cəmiyyətə 18 aprel 2024-cü il tarixə ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1549.40 (min beş yüz qırx doqquz, qırx) AZN məbləğində əsas borcu, 4648 (dörd min altı yüz qırx səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 6197.40 (altı min yüz doxsan yeddi, qırx) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı MMCyə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 02 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 57.75 (əlli yeddi, yetmiş beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “011516900 saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsi üzrə 406.20 (dörd yüz altı, iyirmi) AZN məbləğində cərimə borcunun ödənilməsi” və “011528398 saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsi üzrə 464.80 (dörd yüz altmış dörd, səksən) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinə əsasən İddiaçı MMC-yə olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də “011516900 saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğısatqı” müqaviləsi üzrə 406.20 (dörd yüz altı, iyirmi) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə” və “011528398 saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsi üzrə 464.80 (dörd yüz altmış dörd, səksən) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə” qədər azaldılmalı və iddia tələbinin “011516900 saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsi üzrə və “011528398 saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsi üzrə cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Müddətli (nisyə) alğı-satqı” müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1354.30 (min üç yüz əlli dörd, otuz) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1549.40 (min beş yüz qırx doqquz, qırx) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3003.70 (üç min üç, yetmiş) AZN məbləğində borc və 45.95 (qırx beş, doxsan beş) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ********* saylı 29 avqust 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1354.30 (min üç yüz əlli dörd, otuz) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ********* saylı 09 sentyabr 2023-cü il tarixli “Müddətli (nisyə) alğı-satqı” müqaviləsinə əsasən 1549.40 (min beş yüz qırx doqquz, qırx) AZN məbləğində əsas borc, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 3003.70 (üç min üç, yetmiş) AZN məbləğində borc və 45.95 (qırx beş, doxsan beş) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar