Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-574/2024 23.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 15 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən “Soliton” mağazasından ilkin ödəniş 80 (səksən) AZN olmaqla, 15 (on beş) ay müddətinə ümumi dəyəri 963 (doqquz yüz altmış üç) AZN məbləği olan 1 (bir) ədəd “HP” markalı notebook satılmışdır. Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 1 (bir) ədəd “HP” markalı notebookun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 59 (əlli doqquz) AZN məbləğində pulu hissə-hissə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Alğı-satqı müqaviləsinə əsasən İddiaçı qarşısında öhdəliklərini icra etməyən Cavabdeh iddiaçıya olan borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir. Halhazırda öhdəliklərini tam icra etməyən Cavabdeh İddiaçı 15 aprel 2024-cü il tarixə 696 (altı yüz doxsan altı) AZN məbləğində əsas borcu, 208 (iki yüz səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 904 (doqquz yüz dörd) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 696 (altı yüz doxsan altı) AZN məbləğində əsas borcun, 208 (iki yüz səkkiz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 904 (doqquz yüz dörd) AZN məbləğində borcun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və qeydiyyat nömrəsi (VÖEN) **********-dir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, 15 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən görünür ki, “satıcı” İddiaçı tərəfindən (“Soliton” mağazası) ilkin ödəniş 80 (səksən) AZN olmaqla, 15 (on beş) ay müddətinə ümumi dəyəri 963 (doqquz yüz altmış üç) AZN məbləği olan 1 (bir) ədəd “HP” markalı notebook “alıcı” Cavabdeh satılmışdır. İş materiallarında olan S18K ******* saylı, 15 noyabr 2019-cu il tarixli “təhvil-təslim” aktının surətindən görünür ki, “alıcı” Cavabdeh ******* saylı, 15 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən ümumi dəyəri 963 (doqquz yüz altmış üç) AZN məbləği olan 1 (bir) ədəd “HP” markalı notebooku təhvil almışdır. İş materillarında olan ******* saylı, 15 noyabr 2019-cu il tarixli “Nisyə alğı-satqı” müqaviləsinin surətindən və ona əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “alıcı” Cavabdeh ümumi dəyəri 963 (doqquz yüz altmış üç) AZN məbləği olan 1 (bir) ədəd “HP” markalı notebookun dəyərinə görə 15 (on beş) ay müddətinə hər ay 59 (əlli doqquz) AZN məbləğində pulu hissə-hissə və aylıq ödəniş vaxtında ödənilmədikdə ödənişi gecikdirdiyi gün üçün məcmu borcun 1 % həcmində cəriməni “satıcı” İddiaçı xeyrinə ödəməlidir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı 696 (altı yüz doxsan altı) AZN məbləğində əsas borcu, 208 (iki yüz səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 904 (doqquz yüz dörd) AZN məbləğində borcu mövcuddur. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı olan borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 16 aprel 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə irəli sürülmüş iddia tələbinin “208 (iki yüz səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən “Nisyə alğı-satqı” müqaviləsinə əsasən İddiaçı olan borcun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “208 (iki yüz səkkiz) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 696 (altı yüz doxsan altı) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 716 (yeddi yüz on altı) AZN məbləğində borc və 23.76 (iyirmi üç, yetmiş altıı) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 696 (altı yüz doxsan altı) AZN məbləğində əsas borc, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, ümumilikdə 716 (yeddi yüz on altı) AZN məbləğində borc və 23.76 (iyirmi üç, yetmiş altıı) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-574/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-574/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver