Məhkəmə qərarları › İş №e-2(073)-1040/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-1040/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-1040/2025 11.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi Cavabdeh qarşı borcun ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38900,69 (otuz səkkiz min doqquz yüz manat altmış doqquz qəpik) manat borcun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınaraq iddiaçı müəssisənin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərdi ki, o, iddiaçı təşkilatda audit vəzifəsində işləyir. Cavabdeh ilə iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi arasında malların alqı satqısı ilə bağlı 15 mart 2021-ci il tarixdə 040-21 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə və əldə edilmiş razılaşma protokoluna əsasən (alıcı) fiziki şəxs Cavabdeh (satıcı) “Dinçer və Carçıoğlu” BM-dən ümumi məbləği 70.000 (yetmiş min) manat dəyərində mallar (laminat, PVC, DSP, MDF) və digər mebel aksessuarları sifariş vermişdir. Qeyd olunan məbləğdə mallar sifariş üzrə rəsmi qaydada elektron qaimələr yazılmaqla alıcının ünvanına çatdırılmaqla təhvil verilmişdir. Cavabdeh qəbul etdiyi malların dəyərini iddiaçının bank hesabına hissə-hissə ödəyərək müqavilənin şərtlərinə 2022-ci ilin iyun ayınadək əməl etmiş, qalan 38.900 (otuz səkkiz min doqquz yüz) manat 69 qəpik məbləğində borcunu bu günədək iddiaçı müəssisəyə qaytarmamışdır. İddiaçı təşkilatla cavabdeh arasında şifahi razılaşmaya əsasən cavabdeh borcunu yaxın zamanda ödəyəcəyini bildirsə də, həmin vaxtdan 5 ay keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Borcun dərhal ödənilməsinə ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmişdir. O, işi ilə əlaqədar olaraq cavabdehə məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istehsal müəssisəsinə gedən zaman cavabdehin iddiaçı müəssisədən aldığı materiallarla mebel istehsalı ilə məşğul olduğu məlum olmuşdur. Odur ki, iddiaçı müəssisə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, cavabdeh fiziki şəxs kimi fərdi sahibkar statusuna malik olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan kommersiya mübahisəsi kimi iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi hüquqi şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖENnü vardır. İş materiallarında olan Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh da fiziki şəxs kimi sahibkarlıq statusuna malikdir, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ********** saylı VÖEN-nü vardır. İş materiallarında olan iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 040-21 saylı müqavilədən görünür ki, tərəflər arasında müəyyən istehsal məhsullarının nisyə alqı-satqı müqaviləsinin dəyəri 500000 (beş yüz min) manat məbləğində müəyyən edilmiş və müqavilənin icrası zamanı baş verəcək bütün mübahisəli məslələrlə bağlı Azərbayca Respublikası İqtisad Məhkəməsinə müraciət ediləcəyi qeyd edilmişdir. Məhkəmə mübahisənin predmetinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verərək qeyd edir ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsidir və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar