Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1288/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunması və onun vərəsə kimi tanınması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 1 may 2023-cü il tarixli (saat 15:00), 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunmasına və onun, yəni İddiaçı vərəsə kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, bacısı X2 21 may 2023-cü ildə Cəlilabad rayonunda naməlum səbəblərdən və naməlum şəraitdə vəfat etmişdir. O, bacısı mərhum Səmayə Musayeva ilə birlikdə yaşamış və 1-ci dərəcəli qohumluq əlaqəsindən əlavə ən yaxın dostu olmuşdur. Bacısı mərhum Səmayə Musayeva ilə çox sıx münasibətləri olmuş, bacısı hər sözünü və hər işini onunla məsləhətləşməmiş icra etmirmiş. İllərdir ki, güclərini birləşdirib ev almaq üçün pul yığmışlar. Bacısı mərhum Səmayə Musayeva son illər Cəlilabad rayonu ərazisində işləmiş və bütün xərclərini minimuma endirib yalnız pul toplamışlar. Hətta bacısı onun adına olan torpaq sahəsini satmış ki, üstünü də düzəldib ev məsələsini həll etməyi düşünmüşlər. Bacısı mərhum Səmayə Musayevanın sağlamlığında ciddi problem olmamışdır. Valideyinlərini itirmiş, əziyyətlə böyütdükləri digər mərhum bacısının oğlu Cavabdeh bacısı mərhum Səmayə Musayevadan pul tələb edirdi, onu məcbur qohumlarımızın evinə aparırdı və onlardan harda olduğunu gizlətmişlər. Vəfat etməmişdən bir neçə gün öncə onlara xəbər vermişlər ki, bacısının vəziyyəti ağırdı. Onlar da dərhal oraya getmişlər və görmüşlər ki, artıq mərhum Səmayə Musayevanın vəziyyəti o qədər ağırdır ki, danışa bilmir, acı çəkdiyini gözlərindən anlamışdır. Dəfələrlə Cəlilabad Rayon Prokurorluğuna və Cəlilabad Rayon polis şöbəsinə getmiş və bu məsələnin araşdırılması üçün müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh vəfat etməmişdən bir neçə gün əvvəl mərhum Səmayə Musayevadan vəsiyyətnamə almışdır. Bacısı mərhum Səmayə Musayeva sağlığında Bakı şəhərində yerləşən evini Cavabdeh adına keçirmiş, düşünmüş ki, bununla artıq xala borcunu yerinə yetirər və Cavabdeh ondan əl çəkər. Lakin Cavabdeh onda pul olduğunu bilirmiş və əl çəkməmişdir. Bacısı mərhum Səmayə Musayevanın Notariat ofisinə getdiyində vəziyyətinin ağır olduğunu ona bildirmişlər. Bu məsələyə dair şahidləri vardır. Onun evi bankdan müsadirə olduqdan sonra o, özünə məxsus (30 qram tros sep, 10-luq qızıl, tarakan üzük, 3 ədəd üzük, 2 koplekt, 20 qramlıq sep, qızıl saat brilliant, 5-lik qızıl, 4 ədəd qədimi xalça, servizlər, 32 000 AZN pul vəsaiti) əşyaları Cəlilabad rayonunda yerləşən evlərinə aparıb qoymuşdur. Evdə bacısı mərhum Səmayə Musayevanın 120000 manat pulu olmuşdur. Lakin bacısı vəfat etdikdən sonra adı çəkilən əşyaların və pulların heç biri evdə tapılmadı. Cavabdeh evi tamamilə boşaltmışdır. Cavabdeh heç yerdə işləməmiş, maddi durumu çox zəif olmuş, gündəlik xərclərini belə onlardann almış, Rusyadan qayıtdıqdan sonra əyninə paltarı belə onlar almışdır. Halhazırda qohumların onlara verdiyi məlumata əsasən Yasamal Rayon ərazisində ev və ferma almışdır. Bunları almağa maddi imkanı olmadığı dəqdirdə, ona məlum olur ki, Cavabdeh onlara məxsus evdən əmlakları, ölmüş bacısına və ona məxsus pul vəsaitini oğurlayaraq əldə etmişdir. Cavabdeh harada olduğunu bilmir, çünki Cavabdeh onlardan gizlənir. Cavabdeh o və digər bacıları böyütmüşlər, bu səbəbdən hər zaman yaxın münasibətdə olmuşlar, onlara qarşı belə vicdansızlıq edəcəyini düşünməmişlər. Cavabdeh bu əməlləri tək başına həyata keçirməmiş, onu bu məsələdə digər bacısının ailəsi də köməklik göstərmişdir. X4 vəsiyyətnamə verəndə anlaqsız vəziyyətdə olmuş və bu vəziyyətdə olduğunu şahidlər təsdiq edə bilərlər. Şahidlər məhkəmə prossesində iştirak edəcəklər. Vəsiyyətnamədə açıq aşkar görünür ki, X4 vəsiyyətnaməni imzalamış, lakin bacısı savadsız olmasa da, vəsiyyətnaməni yazacaq güc və düşüncədə olmamışdır. Məlum məsələdir ki, həmin vəsiyyətnamə bacısı mərhum Səmayə Musayevanın istəyi ilə yazılmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh Yəhya oğlu və Cəlilabad Rayonu 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh Yəhya oğlunun və Cəlilabad Rayonu 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan X2 tərəfindən Cəlilabad rayon 1 saylı notariat ofisində Cavabdeh vermiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamədən görünür ki, X2 bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 1220/12 saylı ölüm haqqında arayışdan görünür ki, X2 21 may 2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 03 iyun 2023-cü il tarixdə, 438 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iclasında iddiaçı Musayeva X1 Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin etibarsızlığını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə görə Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə görə vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1182-ci maddəsinə görə əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Həmin Məcəllənin 1183.1-ci maddəsinə görə əgər vəsiyyət edən nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir Həmin Məcəllənin 1183.4-cü maddəsinə əsasən vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır. Həmin Məcəllənin 1183.4-cü maddəsinə əsasən qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İş materiallarında da göründüyü kimi iddiaçının etibarsızlığını tələb etdiyi Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 1 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin etibarsızlığı üçün hər hansı bir əsas yoxdur. İddiaçı məcburi pay hüququ olan şəxslərin sırasına daxil deyil, ona görə vərəsəlik hüququnun tanınması tələbi də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunması və onun vərəsə kimi tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 241-244, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh Yəhya oğluna və Cəlilabad Rayonu 1 saylı notariat ofisinə qarşı Cəlilabad Rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş 01 may 2023-cü il tarixli, 8 T-4458 reyetr nömrəli vəsiyyətnamənin ləğv olunması və onun vərəsə kimi tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1288/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1288/2024
14.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver