Məhkəmə qərarları › İş №e-2(073)-1398/2025

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(073)-1398/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1398/2025 10.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1995 manat borcun, ona göstərilmiş hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat pulun, poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlayıb telefonla danışdığı telefon danışıq xərclərinə görə ödəmiş olduğu 30 manat xərcləri olmaqla, ümumilikdə 2175 manat pulun və ödəmiş olduğu 42 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə vəya gəlməməyin səbəbini vəya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, Cavabdeh X1 və X2 şahidlikləri ilə aralarında tərtib edib imzaları ilə təsdiq etdikləri 10 fevral 2023-cü il tarixli akta əsasən ümumi dəyəri 1995 manat olan qızıl-zinət əşyalarını və qadın geyim əşyalarını satmışdır. Akta göstərilən qızıl-zinət və qadın geyim əşyalarına 1 komplekt 1500 manat dəyərində qızıl birliyant, 1 dəst 2 qram 585 əyyar 140 manat dəyərində sırğa, 1 ədəd 40 manat dəyərində qadın üçün uzun don, 1 ədəd 40 manat dəyərində qadın üçün uzun don, 1 komplekt 280 manat dəyərində parfumeriya dəsti aiddir. Həmin 10 fevral 2023-cü il tarixli akta əsasən cavabdeh ondan götürdüyü malların pullarını hissə-hissə olmaqla 15 ay müddətinə tam qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar olunsada, yaşadığı Cəlilabad rayonu, Əlqasımlı kəndində evinə poçt vasitəsi ilə xəbərdarlıq məktubu göndərilsədə, Cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməmiş, xəbərdarlıq məktubuna cavab verməmişdir. Cavabdeh borcunu ödəməkdən 23 aydır ki, bilərəkdən yayınmışdır. O, hesab edir ki, cavabdeh borcunu qaytarmamaqla ona xeyli miqdarda zərər vurmuşdur. Sonda iddiaçı, Cavabdeh 1995 manat borcun, ona göstərilmiş hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat pulun, poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlayıb telefonla danışdığı telefon danışıq xərclərinə görə ödəmiş olduğu 30 manat xərcləri olmaqla, ümumilikdə 2175 manat pulun və ödəmiş olduğu 42 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 10 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı ümumi dəyəri 1995 manat olan 1 komplekt 1500 manat dəyərində qızıl birliyantı, 1 dəst 2 qram 585 əyyar 140 manat dəyərində sırğanı, 1 ədəd 40 manat dəyərində qadın üçün uzun donu, 1 ədəd 40 manat dəyərində qadın üçün donu, 1 komplekt 280 manat dəyərində parfumeriya dəstini 15 aya hissə-hissə vermək şərti ilə Cavabdeh satmışdır, İddiaçı qızılzinət və geyim əşyalarını cavabdehə verməsi ilə bağlı imzası ilə təsdiq etmiş, Cavabdeh həmin qızıl-zinət və geyim əşyalarını təhvil alması ilə bağlı imzası ilə təsdiq etmiş, X3 və X4 isə imzaları ilə bu prosesə şahidlik etmələrini təsdiq etmişlər. İşdə olan 10 mart 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh ünvanına xəbərdarlıq məktubu göndərərək, cavabdehin götürmüş olduğu qızılzinət və geyim əşyalarını ümumi dəyəri olan 1995 manat borcunu, ona göstərilmiş hüquqi xidmətlərə görə ödəmiş olduğu 150 manat pulu, poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlayıb telefonla danışdığı telefon danışıq xərclərinə görə ödəmiş olduğu 30 manat xərclərini, ümumilikdə 2175 borcu qaytarmasını tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçıya 2175 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2175 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdeh iddiaçı ilə aralarında olan razışlaşma üzrə üzərlərinə götürdikləri öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, Cavabdeh İddiaçı ilə aralarında olan razılaşmanı pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bununla da iddiaçıya ödəməli olduğu məbləği ödəməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və aralarında olan razılaşmanın əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə iddiaçı qeyd edilən mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh 2175 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 03 arpel 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı ərizənin verilməsi ilə əlaqədar 42 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1995 (bir min doqquz yüz doxsan beş) manat borc, iddiaçıya göstərilmiş hüquqi xidmətlərə görə 150 (bir yüz əlli) manat, poçt xidmətlərinə və cavabdehlə əlaqə saxlayıb telefonla danışdığı telefon danışıq xərclərinə görə ödəmiş olduğu 30 (otuz) manat olmaqla, ümumilikdə 2175 (iki min bir yüz yetmiş beş) manat pul və 42 (qırx iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar