Məhkəmə qərarları › İş №e-2(073)-1436/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1436/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1436/2023 17.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli, CLK04332 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 339 manat olan malı nisyə almış və aldığı əşyanın dəyərini 12 ay müddətində hər ay 28 manat, sonuncu ay isə 31 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə “X3 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 saylı faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ “X3 Olmayan Kredit Təşkilatı” MMC keçmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2020-ci il tarixli, CLK04332 saylı nisyə alqısatqı müqaviləsi üzrə 283 manat əsas borcu, 261.57 manat cərimə olmaqla, cəmi 544.57 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməsi tələb edilsə də, cavabdeh öhdəliklərini icra etməmişdir. Buna görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh xx.xx.2020-ci il tarixli, CLK04332 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 283 manat əsas borc, 261.57 manat cərimə borcu olmaqla, cəmi 544.57 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, CLK04332 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 339 manat olan mobil telefonu nisyə almış və aldığı əşyanın dəyərin 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bir neçə ay ödəniş etdikdən sonra həmin mobil telefon xarab olmuş və telefonu təmir edilməsi üçün 21 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə təhvil vermişdir. Lakin hazırkı vaxtadək mobil telefon təmir edilərək ona qaytarılmamışdır. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən o da, ödənişi dayandırmışdır. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, CLK04332 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi dəyəri 339 manat olan «Huawei Y7 2019 (DUB-LX1)3/32GB Black» markalı telefonu nisyə almış və aldığı əşyanın dəyərini 12 ay müddətində hər ay 28 manat, sonuncu ay isə 31 manat olmaq şərtilə ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4-7-ci bəndindən görünür ki, mallara zəmanət verildiyi hallarda satıcı zəmanət kitabçasının şərtlərinə uyğun vəzifələr daşıyır. İşdə olan 526378 saylı zəmanət talonundan görünür ki, müştəri Cavabdeh aldığı «Huawei Y7 2019 (DUB-LX1)3/32GB Black» markalı telefon üçün "xxxx" MMC tərəfindən 12 ay müddətinə zəmanət verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli müştəri mallarının təhvil-təslim blankından görünür ki, Cavabdeh «Huawei Y7 2019 (DUB-LX1)3/32GB Black» markalı telefonu “öz-özünə sönməsi və bir də açılmaması” səbəbindən təmir edilməsi üçün "xxxx" MMC-yə təhvil vermişdir. İşdə olan bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2020-ci il tarixli, CLK04332 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cəmi dəyəri 339 manat olan malı nisyə almış və aldığı əşyanın dəyərini 12 ay müddətində hər ay 28 manat, sonuncu ay isə 31 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə “X3 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 saylı faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ “X3 Olmayan Kredit Təşkilatı” MMC keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, bir neçə ay ödəniş etdikdən sonra mobil telefonda yaranmış nasazlığa görə cavabdeh həmin telefonu təmir edilməsi üçün 21 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə təhvil vermiş, lakin mobil telefon təmir edilərək cavabdehə qaytarılmamışdır. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən cavabdeh də ödənişi dayandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən olunduğu kimi xx.xx.2020-ci il tarixli, CLK04332 saylı müqavilə üzrə Cavabdeh iddiaçı cəmiyyət qarşısında heç bir öhdəliyi yoxdur. Belə halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar