Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1481/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, pul, maddi və mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onunla cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 31.950 (otuz bir min doqquz yüz əlli) manat pul, 8.000 (səkkiz min) manat maddi zərər, 2.000 (iki min) manat mənəvi zərər olmaqla, cəmi 41.950 (qırx bir min doqquz yüz əlli) manat məbləğində pulun, 216 (iki yüz on altı) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək iddia ərizəsində cavabdeh tərəfindən qaytarılmış məbləğin səhvən az, yəni 12.500 manat kimi qeyd edildiyini, lakin cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 13.500 manat qaytarıldığını bildirərək digər tələblərin olduğu kimi saxlanması, cavabdehdən tutulmalı olan məbləğin isə 31.950 manat deyil, 30.950 (otuz min doqquz yüz əlli) manat kimi nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Abşeron 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********76 reyestr nömrəsi ********** qeydiyyat nömrəli çıxarış əsasında Abşeron rayonu Masazır qəsəbəsində 0.03 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 90.000 (doxsan min) manata satmaq barədə razılığa gəlmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə 41.000 (qırx bir min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Bundan sonra 3000 (üç min) manat da şəxsən iddiaçı tərəfindən Cavabdeh xahişinə əsasən evin təmiri məqsədilə divar kağızı işinin görülməsi üçün sonuncuya verilmişdir. Sözügedən müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək fərdi yaşayış evini DƏDRX-də qeydiyyata almağı, mülkiyyət hüququnu təsdiq edən çıxarış almağı və notariat qaydasında əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtlərini pozmuş, evi başa çatdırmamış, müqavilədə qeyd edilən vaxtda fərdi yaşayış evini DƏDRX-də qeydiyyata aldırmamışdır. İddiaçı dəfələrlə cavabdehdən müqavilə şərtlərinə əməl etməsini xahiş etmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh öhdəliyə əməl etməmişdir. Belə olan halda iddiaçı cavabdehdən ödədiyi pulları tələb etmişdir. İddiaçının danışıqlarından sonra cavabdeh tərəfindən ona ödədiyi puldan cəmi 13.500 (on üç min beş yüz) manatı qaytarmış, cavabdeh evi satacağı təqdirdə qalan pulu da ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi cavabdeh verdiyi sözə əməl etməmiş, hər dəfə müxtəlif bəhanələrlə ödənilmiş pulu qaytarmaqdan yayınmışdır. Bundan əlavə iddiaçı cavabdehin xahişinə əsasən 3 dəfə yaşadığı Astara rayonundan Bakı şəhərinə gedib-gəlmiş və bununla əlaqədar 450 manat yol pulu xərcləmişdir. Həmin pulun da ödənilməsini tələb edir. Həmçinin cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçıya 8.000 (səkkiz min) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, ilkin alqı-satqı müqaviləsinin bağlandığı dövrdən hazırki dövrə kimi bir ildən artıq müddətə keçmişdir. Həmin dövrdə iddiaçı fərdi yaşayış evini 90.000 (doxsan min) manat məbləğinə almağa razılaşmışdır. Lakin hazırki bazar qiyməti təxminən 10 faizədək artmışdır. İddiaçı eyni şərtlərə cavab verən evi almaq üçün bugünki bazar qiymətində təxminən 100.000 (bir yüz min) manat pul ödəməlidir. Bundan əlavə iddiaçı fərdi bizneslə məşğul olur. Ödədiyi 44.000 manat məbləğində pul özündə qalsaydı həmin pulu biznesə yatırım edib gəlir əldə edəcəkdi. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində iddiaçı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) də məhrum olmuşdur. İddiaçı hadisəylə bağlı aldadıldığını düşünmüş, sarsıntılar keçirmiş, dəfələrlə həkimə müraciət etmiş və nəticədə ona (iddiaçıya) 2.000 (iki min) manat mənəvi zərər dəymişdir. İddiaçı sonda məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı ona qarşı qaldırdığı iddianı qismən etiraf edir. xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsi üzrə onun İddiaçı 30.300 manat borcu vardır və bunu etiraf edir. Rumanənin ona verdiyi 44.000 (qırx dörd min) manat pul məbləğindən ayrı-ayrı vaxtlarda ona (iddiaçıya) 11.700 manat, 1.800 manat və 200 manat pul olmaqla cəmi 13.700 manat pul qaytarmışdır. Nəticədə hazırda iddiaçıya 30.300 manat borcu qalmışdır. İddiaçı ilə aralarında olan müqavilənin ləğv edilməsi tələbini də qəbul edir və bu hissədə də iddianı etiraf edir. İddiaçı ilə aralarındakı razılığa əsasən onun tərəfindən iddiada qeyd edilən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindəki dəyişikliklərlə bağlı vəsaitin alıcı olan İddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Həmin evdəki dəyişikliklə bağlı xərclər onun (cavabdehin) öz vəsaiti hesabına ümumilikdə 14.440 (on dörd min dörd yüz qırx) manat dəyərində olmuşdur. Həmin çəkdiyi xərcdən iddiaçı ona 3.000 (üç min) manat məbləğində nağd şəkildə pul ödənişi etmiş, yerdə qalan 11.440 manat pulun ödənilməsi üçün isə vaxt istəmişdir. Əslində həmin dəyişikliklərlə bağlı işlərin görülməsinə ehtiyac yox idi, lakin İddiaçı istəyi əsasında evdəki həmin dəyişdiklər edilmişdir. Aralarındakı xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin şərtləri onun tərəfindən deyil, İddiaçı tərəfindən pozulmuşdur. İddiaçının bu işlə bağlı yol xərclərinin çıxması onun (iddiaçının) şəxsi ticarəti ilə bağlı olduğu üçün ona (cavabdehə) heç bir aidiyyatı yoxdur. İddiaçının 8.000 manat maddi və 2000 (iki min) manat mənəvi ziyan tələbi də əsassızdır. Odur ki, qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 cavabdehlə eyni məzmunlu izahat verərək bildirdi ki, cavabdeh tərəf kimi iddianın tərəflər arasında bağlanmış 25 aprel 2023cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsini qəbul edirlər, iddianı 30.300 manat həddində etiraf edirlər, bu hissələrdə iddia tələbinin təmin edilməsinə etirazları yoxdur, lakin iddianın maddi və mənəvi ziyan, yol xərci hissəsini əsassız hesab edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 aprel 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”dən görünür ki, Cavabdeh DƏDRX Abşeron 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********76 reyestr nömrəsi ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 2i ünvanında 0.03 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı 90.000 (doxsan min) manata satmaq barədə razılığa gəlmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə 41.000 (qırx bir min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək fərdi yaşayış evini DƏDRX-də qeydiyyata almağı, mülkiyyət hüququnu təsdiq edən çıxarış almağı və notariat qaydasında əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. İddiaçı isə xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi rəsmiləşdirilməsinə qədər qalan 49.000 (qırx doqquz min) manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh ona olan ümumilikdə 41.950 manat məbləğində pulu ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 216 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25 aprel 2023-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh DƏDRX-nin Abşeron 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********76 reyestr nömrəsi ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1i ünvanında 0.03 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı 90.000 (doxsan min) manata satmaq barədə razılığa gəlmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə 41.000 (qırx bir min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək fərdi yaşayış evini DƏDRX-də qeydiyyata almağı, mülkiyyət hüququnu təsdiq edən çıxarış almağı və notariat qaydasında əsas alqısatqı müqaviləsini rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. İddiaçı isə xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi rəsmiləşdirilməsinə qədər qalan 49.000 (qırx doqquz min) manatı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi həcminin azaldılması barədə ərizə verərək cavabdeh tərəfindən ümumi borcundan iddiaçıya ümumilikdə 13.500 manat qaytarıldığını və cavabdehin ona 30.950 (otuz min doqquz yüz əlli) manat pul qaytarmalı olduğunu bildirmişdir. Cavabdeh isə İddiaçı olan 44.000 (qırx dörd min) manat pul məbləğindən ayrı-ayrı vaxtlarda 13.700 manat pul qaytardığını və iddiaçıya hazırda 30.300 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya 30.950 (otuz min doqquz yüz əlli) manat pul qaytarılmalı olduğu bildirilsə də, bu məhkəmədə tam sübuta yetirilmədiyindən iddianın pul tələbi barədə hissəsi cavabdeh tərəfindən etiraf edilən məbləğdə yəni, 30.300 manat (otuz min üç yüz) manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın 450 manat yol xərci, 8.000 manat maddi ziyan və 2.000 manat mənəvi zərərlə bağlı hissəsinə qiymət verərək həmin tələbləri əsaslı hesab etmir. Çünki, iddiaçı cavabdehin xahişinə əsasən 3 dəfə yaşadığı Astara rayonundan Bakı şəhərinə gəldiyini və bununla əlaqədar 450 manat pul xərclədiyini, həmçinin cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində ona (iddiaçıya) 8.000 (səkkiz min) manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin həmin qərarından görünür ki, Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2008-ci il tarixli qərarından görünür ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin tələbini əsaslandırmamış, pulunun qaytarılmaması onda nə kimi mənəvi iztirablar yaratdığını sübuta yetirə bilməmiş və yaşadığı psixoloji sarsıntılar barədə də heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın pul tələbi ilə bağlı təmin edilən hissəsinə mütənasib olaraq 182 (bir yüz səksən iki) manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manat da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində qeydə alınmış 25 aprel 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh 30.300 (otuz min üç yüz) manat məbləğində pul, ödənilmiş 182 (bir yüz səksən iki) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat alınaraq İddiaçı verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində qeydə alınmış 25 aprel 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 30.300 (otuz min üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 182 (bir yüz səksən iki) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-1481/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1481/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver