Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-205/2025 24.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “LG kondisioner”, “Soyuducu Toshiba”, “Paltaryuyan Samsung” üçün 5934.78 manat ödənilməmiş hissə, 592.22 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Soyuducu Toshiba” üçün 1125.48 manat ödənilməmiş hissə, 337.52 manat dəbbə pulu, ümumilikdə 7990 (yeddi min doqquz doxsan) manat borcun və 99.90 (doxsan doqquz manat doxsan qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 6911.78 manat olan “LG” markalı kondisioneri, “Toshiba” markalı soyuducunu, “Samsung” markalı paltaryuyanı 18 ay müddətinə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1207.48 manat olan “Toshiba” markalı soyuducunu 3 ay müddətinə ödəmək şərtilə nisyə almışdır. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cəmi ödədiyi məbləğ 1059 manat təşkil edir. Cavabdehdən dəfələrlə şifahi və yazılı şəkildə borcunun ödənilməsini tələb etsələr də, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 6911.86 manat olan “LG” markalı kondisioner, “Toshiba” markalı soyuducu, “Samsung” markalı paltaryuyanı 18 ay müddətində ödəmək şərtilə nisyə olaraq almışdır, ilkin ödəniş kimi 977 manat ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 1207.49 manat olan “Toshiba” markalı soyuducunu 3 ay müddətində ödəmək şərtilə nisyə olaraq almışdır, ilkin ödəniş kimi 82 manat ödəmişdir . İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 5934.78 manat ödənilməmiş hissə, 592.22 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1125.48 manat ödənilməmiş hissə, 337.52 manat dəbbə pulu, ümumilikdə 7990 (yeddi min doqquz doxsan) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 99.90 (doxsan doqquz manat doxsan qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 6911.78 manat olan malları 18 ay müddətində, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1207.48 manat olan malı3 ay müddətində ödəmək şərtilə nisyə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehdən şifahi və yazılı şəkildə borcunun ödənilməsi tələb edilsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla cavabdehi əlverişsiz vəziyyətə salır. Cavabdeh əsas borcununun əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən dəbbə pulu tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulunun 592.22 manatdan azaldılaraq 60 manat, 337.52 manatdan azaldılaraq 35 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 91.55 (doxsan bir manat əlli beş qəpik) manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 5934.78 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1125.48 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, ümumilikdə 7155.26 (yeddi min bir yüz əlli beş manat iyirmi altı qəpik) manat borc və 91.55 (doxsan bir manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəliyev Osman
Məhkəmə qərarları › İş №e-2(073)-205/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-205/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver