Məhkəmə qərarları › İş №e-2(073)-2147/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2147/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2147/2024 28.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, İF/05985 saylı Daxili maliyyə Lzinq müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Saziş üzrə 3652.50 manat borcun, 4040 manat lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilmiş 70 manatın, 90 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin və dövlət rüsumu üçün ödənilmiş 98.52 manat məbləğin "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, İF/05985 saylı “Daxili maliyyə lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli Sazişə əsasən, lizinq obyekti olan “Opel Vectra” minik markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobil onun istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək hər ay 331.75 manat olmaqla cəmi 4644.50 manat ödəniş etməli olduğu halda, cəmi 992 ödəniş etmiş, 3652.50 manat borcu qalmışdır. Bundan sonra avtomobil iddiaçı Cəmiyyət tərəfindən yararsız vəziyyətdə aşkarlanmış və qiymətləndirilmişdir. Avtomobilin ehtiyat hissələri və təmir xərclərinin ümumi dəyəri 4040 manat müəyyən edilmişdir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə 70 manat ödənilmiş, eyni zamanda cavabdehin yol hərəkəti qaydalarının pozulmasına görə 90 manat inzibati cərimələri iddiaçı Cəmiyyət tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli, İF/05985 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq alanın lizinq obyektini saz vəziyyətdə saxlamaq və müqavilənin şərtlərinin pozulacağı təqdirdə iddiaçı təşkilata geri qaytarma öhdəliyi vardır. İddiaçı Cəmiyyət iddia tələbinin hüququ əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-7, 385.1, 442, 21ci maddələrini rəhbər tutaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan iddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli İF/05895 saylı Daxili maliyyə lizinq müqaviləsinə dəyişikliyin edilməsi barədə Saziş”dən və həmin gün tarixli təhvil-təslim aktından görünür ki, cavabdehə sonrakı lizinq alan olaraq lizinq obyekti - dəyəri 7000 manat olan “Opel Vectra” minik markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobil 36 ay müddətinə iddiaçı cəmiyyət tərəfindən lizinqə verilmişdir, həmin Sazişin 6 saylı əlavəsindən görünür ki, cavabdeh xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək hər ay 331.75 manat olmaqla cəmi 4644.50 manat ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. İşdə olan X1 Şəhadətnaməsindən görünür ki, “Opel Vectra” minik markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobil “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. İşdə olan avtomobilin ehtiyat hissələrinin qiymətləndirilməsi aktından görünür ki, “Opel Vectra” minik markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir xərclərinin ümumi dəyəri 4040 manat təşkil edir. İşdə olan avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi barədə müstəqil ekspert rəyindən görünür ki, “Opel Vectra” minik markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələri və təmir xərcləri üçün ümumi məbləğ 4040 manat təşkil edir. İşdə olan çıxarışdan görünür ki, ** AC *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən müxtəlif vaxtlarda yol hərəkəti qaydalarının pozulmasına görə cəmi 90 manat məbləğində inzibati cərimə olunmuşdur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddaçı cəmiyyət hazırkı ərizənin verilməsi ilə əlaqədar 99 (doxsan doqquz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli Sazişə əsasən, lizinq obyekti olan “Opel Vectra” minik markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobil onun istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək hər ay 331.75 manat olmaqla cəmi 4644.50 manat ödəniş etməli olduğu halda, cəmi 992 ödəniş etmiş, 3652.50 manat borcu qalmışdır. Bundan sonra avtomobil iddiaçı Cəmiyyət tərəfindən yararsız vəziyyətdə aşkarlanmış və qiymətləndirilmişdir. Avtomobilin ehtiyat hissələri və təmir xərcləri 4040 manat məbləğində dəyərləndirilmişdir. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə 70 manat ödənilmiş, eyni zamnda cavabdehin yol hərəkəti qaydalarının pozulmasına görə 90 manat inzibati cərimələri iddiaçı Cəmiyyət tərəfindən ödənilmişdir. Cavabdeh iddiaçı cəmiyyətə olan borcunu ödəməkdən imtina etmiş, buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alan məsuliyyət daşıyır. Həmin Məcəlləninn 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələblər irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasında boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış Daxili maliyyə lizinq müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, lizinq obyektinə mülkiyyət hüququ bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq verənə məxsusdur. Həmin müqavilənin 13-cü bəndində qeyd edilmişdir ki, lizinq alanı müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə lizinq verən lizinq obyektini lizinq alanın sahibliyindən geri ala və ya müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 15.1-ci bəndinə görə isə lizinq alan ödəniş cədvəlində müəyyən edilmiş müddətdə tam həyata keçirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. Göründüyü kimi tərəflərin razılaşmasına əsasən cavabdeh öhdəliklərini tam icra edənə qədər lizinqə verilmiş əmlak üzərində mülkiyyət hüququ iddiaçıda saxlanılmışdır. İddiaçı müqavilə məbləğlərinin ödənilməsini tələb etməklə bərabər, həm də əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3652.50 manat borc, lizinq obyektinin ehtiyat hissələri və təmir xərcləri üçün 4040 manat, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilmiş 70 manat, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrə görə ödənilmiş 90 manat və dövlət rüsumu üçün ödənilmiş 98.52 manat pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar