Məhkəmə qərarları › İş №e-2(073)-2255/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2255/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2255/2023 30.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli L(b)018 nömrəli alqı-satqı müqaviləsi üzrə 2000 (iki min) manat əsas borcun, 2000 (iki min) manat cərimənin, cəmi 4000 (dörd min) manat borcun və 60.40 (altmış manat qırx qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-in nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli L(b)018 nömrəli alqı-satqı müqaviləsinə əsasən cəmiyyət tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş “AAAF PARK” yaşayış massivindəki 25 saylı küçədə, 9 saylı yaşayış binasında, ümumi sahəsi 108.6 kv.metr 3 otaqdan ibarət, ümumi dəyəri 76.020 (yetmiş altı min iyirmi) manat olan 42 saylı mənzili hər ay bərabər məbləğdə ödəmək şərti ilə 120 (bir yüz iyirmi) ay müddətinə cavabdehə satmışdır. Belə ki, 24 iyul 2014-cü il tarixli L(b)/018 nömrəli alqısatqı haqqında müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) Cavabdeh razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da iddiaçı Cəmiyyət sözügedən müqavilənin şərtlərinə əsasən qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə ödənilməyən ödənişi və hesablanmış cərimə məbləğinin ödənilməsini tələb edir. Hazırda Cavabdeh 24 iyul 2014-cü il tarixli L(b)/018 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 2000 (iki min) manat təşkil edir. Həmin müqaviləyə Əlavənin 1.4-cü bəndinə əsasən, Alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün, əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Cavabdeh ödənişləri gecikdirmişdir. Belə olan halda müqavilə üzrə əmalakın ümumi dəyəri olan 76020 manat (720 gün) məbləğinin 0.1% (76 manat) hesablanmış cərimə məbləği 54720 manat təşkil edir. İddiaçı cəmiyyət sözügedən müqavilə üzrə cavabdeh İbayevdən qalıq 2000 manat əsas borc məbləğinə nisbətdə, ağlabatan cərimə məbləği olaraq 2000 manat məbləğini tələb edir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. 386.1.421 3. 424 5 442.1. 447.1. 448.1. 448.2. 464.1. 462.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli L(b)018 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı müqaviləsindən görünür ki, iddiaçı Cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində özünə məxsus “AAAF PARK” yaşayış massivindəki 25 saylı küçədə inşa edilən 9 saylı yaşayış binasında ümumi sahəsi 108.6 kv.metr 3 otaqdan ibarət ümumi dəyəri 76020 (yetmiş altı min iyirmi) manat olan 42 saylı mənzili hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 (bir yüz iyirmi) ay müddətinə Cavabdeh satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli L(b)018 nömrəli alqı-satqı müqaviləsinə əsasən 2000 (iki min) manat əsas borc, 54720 (əlli dörd min yeddi yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 56720 (əlli altı min yeddi yüz iyirmi) manat borcu vardır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişindən görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddaçı cəmiyyət hazırkı ərizənin verilməsi ilə əlaqədar 60 (altmış) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arsında bağlanmış xx.xx.2014-cü il tarixli L(b)018 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyət özünə məxsus Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş “AAAF PARK” yaşayış massivindəki 25 saylı küçədə, 9 saylı yaşayış binasında ümumi sahəsi 108.6 kv.metr 3 otaqdan ibarət ümumi dəyəri 76.020 (yetmiş altı min iyirmi) manat olan 42 saylı mənzili hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 (bir yüz iyirmi) ay müddətinə cavabdehə satılmışdır. Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı cəmiyyətlə cavabdeh arasında bağlanmış Müqaviləyə Əlavənin 1.4cü bəndindən müəyyən edilir ki, Alıcı aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı cəmiyyət tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 2000 manatdan azaldılaraq 200 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat əsas borc, 200 (iki yüz) manat cərimə, cəmi 2200 (iki min iki yüz) manat borc, 60 (altmış) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" MMC -yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar