Məhkəmə qərarları › İş №e-2(073)-239/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-239/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-239/2025 14.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdehdən 1265 manat məbləğində pulun və ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 13 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il saat 08:30 radələrində Bakı şəhəri, Zirə qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Getz” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 190” markalı, **-ST-*** və “Kia Sorento” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər dəymişdir. Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş GP 14528831 №-li “İnzibati tənbeh vermə haqqında” qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.6-cı maddəsində (nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edilməsinə görə və hadisə yerindən yayınmaya görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “İndividual service” tərəfindən tərtib edilmiş Qüsur aktlarında göstərilmişdir ki, “Mercedes Benz 190” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1265,00 (bir min iki yüz altmış beş) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA131318/23 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə icbari sığorta həddində proposional bölgü əsasında ümumilikdə 1265,00 (bir min iki yüz altmış beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 1265 manat məbləğində pulun və ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “HYUNDAİ” markalı **- VN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il saat 10:16:41-dən xx.xx.2023-cü il saat 10:16:41-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; -09 yanvar 2023-cü il tarixli, GP 14528831 №-li “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh 09 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -“Yekun qüsur aktından” görünür ki, “Mercedes 190” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 1265 manat pul xərclənmişdir; -"xxxx" ASC-nin PXA131318 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-də PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə xx.xx.2023-cü il saat 10:16-dək sığortalanmış “HYUNDAİ GETZ” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saat 08:30-da “Mercedes Benz 190” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı və “KİA SORENTO” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, dəymiş zərər "xxxx" MMC tərəfindən 1265 manat məbləğində müəyyən edilmişdir. Sığorta hadisəsi zamanı hesablanmış 1265 manat sığorta ödənişi X1 hesabına köçürülməlidir; -xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, 1265 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən AZ70HAJC******************** hesabına köçürülmüşdür; -"xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 22 fevral 2023-cü il tarixli 05/01-439 saylı məktubdan görünür ki, həyata keçirilmiş sığorta ödənişinin 7 iş günü ərzində "xxxx" ASCnin müvafiq bank hesabına köçürülməsi ondan tələb edilmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin də ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur; -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “HYUNDAİ” markalı “**-VN-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il saat 10:16:41-dən xx.xx.2023-cü il saat 10:16:41-dək sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh idarə etdiyi “HYUNDAİ GETZ” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 08:30-da yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Mercedes Benz 190” markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı və “KİA SORENTO” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Bakı şəhəri Xəzər RPİ DYPŞ tərəfindən Cavabdeh yolnəqliyyat hadisəsini törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İndividual servis” MMC tərəfindən qiymətləndirmə aktına əsasən “Mercedes 190” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması və təmiri üçün ümumilikdə 1265 manat hesablanmışdır. "xxxx" ASC tərəfindən sığorta aktı tərtib edilmiş, həmin akt əsasında dəymiş maddi ziyanın əvəzi kimi sığorta ödənişi olan 1265 manat pul "xxxx" ASC tərəfindən X1 hesaba köçürülmüşdür. "xxxx" ASC 22 fevral 2023-cü il tarixdə məktub ilə Cavabdeh müraciət edərək həyata keçirdiyi sığorta ödənişini ondan tələb etmiş, ödəmədiyi halda müvafiq tələblə məhkəməyə müraciət ediləcəyi, həmin məbləğlə yanaşı, məhkəmə xərclərinin ödənilməsi öhdəliyinin onun üzərinə düşəcəyi barədə xəbərdar olunmuşdur. Lakin cavabdeh iddiaçının bununla bağlı xəbərdarlığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən vurulmuş maddi ziyan sığorta ödənişi vasitəsilə "xxxx" ASC tərəfindən aradan qaldırıldığından Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi” əsaslı olmaqla, "xxxx" ASC-yə aiddir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1265 (min iki yüz altmış beş) manat sığorta ödənişi məbləği və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1265 (min iki yüz altmış beş) manat sığorta ödənişi məbləği və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi tutulub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar