Məhkəmə qərarları › İş №e-2(073)-2455/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2455/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2455/2025 02.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 onun xeyrinə 5000 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il, saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış və Cavabdeh2 tərəfindən idarə olunan “Hyundai Accent” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı və “Dodge Durango” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Nəsimi Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın təsviri hissəsindən müəyyən etmək olmuşdur ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş əməli törətmiş, lakin inzibati tənbeh vermə müddəti keçdiyindən sonuncu barəsində inzibati işin başlanılması rədd edilmişdir. Həmçinin 02 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarın təsviri hissəsindən aydın olur ki, Şirkət avtomobillərin yuyulmasını təmin etmək üçün “Washtec” adlı avtoyuma məntəqəsinin sahibi X1 ilə müqavilə bağlamışdır. Hadisə zamanı işçi münasibətində olan Cavabdeh2 avtomobili yuduqdan sonra idarə etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən, işçi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün X2 mülki məsuliyyət daşıyır. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Dodge Durango” markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 18562,00 manat təşkil edir. Sığorta hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən iş üzrə PXA107300 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə icbari sığorta üzrə dəymiş zərərin son həddi məbləği olan 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasıda iştirak edən Cavabdeh2 iddianı qismən etiraf etdiyini, iddia tələbi təmin edildiyi halda müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Hyundai Accent” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin PXA********** saylı sığorta şəhadətnaməsindən məlum olur ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixindək “icbari qaydada sığortalanmışdır; - xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Dodge Durango” markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 18562,00 manat təşkil edir; - PXA107300 saylı sığorta aktına əsasən məlum olur ki, "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxsin hesabına ödənilmişdir; - xx.xx.2023-cü il tarixli, “xx/xx-1153 saylı “Geriyə tələb” (Subroqasiya) məktubunun surətindən görünür ki, cavabdehlər tərəfindən 7 iş günü müddətində göstərilən məbləği ödəmədikləri təqdirdə müvafiq məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur; - 12 iyun 2023-cü il tarixli “inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi barədə” qərardaddan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş əməli törətmiş, lakin inzibati tənbeh vermə müddəti keçdiyindən sonuncu barəsində inzibati işin başlanılması rədd edilmişdir; - 02 noyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarın təsviri hissəsindən aydın olur ki, Şirkət avtomobillərin yuyulmasını təmin etmək üçün “Washtec” adlı avtoyuma məntəqəsinin sahibi X1 ilə müqavilə bağlamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : “İcbari Sığortalar haqqında” AR Qanunun 25.1.3.-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarının 1-ci bəndinə əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Washtec” adlı avtoyuma məntəqəsində işləyən Cavabdeh2 "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış "Azerconnect” MMC-yə məxsus olan “Hyundai Accent” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı tərəfindən PXA107300 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə icbari sığorta üzrə dəymiş zərərin son həddi məbləği olan 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 5000 manat məbləğində sığorta ödənişinin, 70 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində sığorta ödənişinin, 70 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070 (beş min yetmiş) manat pul məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar