Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2469/2025 28.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sığorta ödənişinin subroqasiya qaydasında alınması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1470 (bir min dörd yüz yetmiş) manat məbləğində pul və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 (otuz beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il saat 08:20 radələrində Bakı şəhəri, Binəqədi yolu ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sorento” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş İXP4642414 saylı qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Cavabdeh1 hadisə zamanı avtonəqliyat vasitəsini etibarnaməsiz idarə etdiyinə görə, cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Baş vermiş hadisə üzrə “Kia Sorento” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1470 (bir min dörd yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA110076/22 saylı sığorta aktı tərtib edilməklə təqsirin dərəcəsinə uyğun olaraq “Kia Sorento” markalı, 90- EG-087 dövlət qeydiyyat nişanlı dəymiş zərərə görə 1470 (bir min dörd yüz yetmiş) manat sığorta ödənişi ödənilmişdir. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. İddiaçı cəmiyyət cavabdehlərdən yaranmış borcu tələb etmiş, lakin cavabdehlər borcunu ödəməkdən yayınmışlar. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddiaya yazılı etiraz göndərərək, iddianı etiraf etməyərək göstərmişdir ki, ona məxsus olan “Mercedes Benz C200” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış yerinə yaxın olan maşınyuma məntəqəsinə yuyulmaq üçün vermiş, həmin vaxt yaxınlıqdakı marketə 3-5 dəqiqəlik getmişdir. Qonşular ona zəng vurub onun maşını ilə qəza törədildiyini bildirmişlər. Ona məxsus olan maşını məntəqənin işçisi Məhəmmədəli adlı şəxs ondan icazəsiz olaraq sürmüş və qəza törətmişdir. Bu hadisə ilə bağlı yol polisinə məlumat verilmiş, onu və Məhəmmədəlini Şöbəyə aparmışlar. Onun sürücülük vəsiqəsini alıb cərimə yazmışlar, daha sonra dayanacağın ödənişini ödətdirib, maşını ona təhvil vermişlər. Məhəmmədəli adlı şəxs ona məxsus olan və digər maşına dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. O, bununla bağlı maşınyuma məntəqəsinin və həmin işçinin barəsində şikayət etməsinə baxmayaraq ona dəymiş ziyan hələ də ödənilməyib. Onun maşınına 800 manat xərci çıxıb, həmin xərci özü qarşılayıb. Dəfələrlə məntəqəyə getsə də ona bildiriblər ki, həmin işçi işdən azad edilib, ona dəymiş ziyanı isə ödəyəcəklər, lakin bu günədək ona 1 manat belə verilməyib. Məhəmmədəlidən və müdiri Natiqdən şikayətçidir, dəymiş zərəri onlar qarşılanmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan “İcbari Sığorta Müqaviləsinə dair məlumat”dan görünür ki, “Mercedes Benz C200” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilədək "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. İşdə olan PXA110076 saylı Sığorta aktından görünür ki, xx.xx.2022-ci il saat 08:20 radələrində Bakı şəhəri, Binəqədi yolu ərazisində “Mercedes Benz C200” markalı, **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sorento” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Kia Sorento” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1470 (bir min dörd yüz yetmiş) manat zərər dəymişdir. İşdə olan “CARPOİNT AVTOSERVİS” tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sorento” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1470 (bir min dörd yüz yetmiş) manat ziyan dəymişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, göstərilən sığorta ödənişi məbləği iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. İşdə olan DYPİ-nin xx.xx.2022-ci il tarixli İXP4642414 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci ildə Bakı şəhəri, Binəqədi yolu ərazisində Cavabdeh2 məxsus olan, digər Cavabdeh1 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sorento” markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 1470 manat maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş İXP4642414 saylı inzibati tənbeh vermə haqqın qərara əsasən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi və yol-hərəkəti qaydalarını pozduğuna görə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən PXA110076/22 saylı sığorta aktı tərtib edilməklə təqsirin dərəcəsinə uyğun olaraq “Kia Sorento” markalı, 90- EG-087 dövlət qeydiyyat nişanlı dəymiş zərərə görə 1470,00 (bir min dörd yüz yetmiş) manat sığorta ödənişi ödənilmişdir. Cavabdeh1 avtonəqliyat vasitəsini etibarnaməsiz idarə etdiyinə görə iddiaçının cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. İddiaçı cəmiyyət cavabdehlərdən yaranmış borcu tələb etmiş, lakin cavabdehlər borcunu ödəməkdən yayınmışlar. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəyə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənlədirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neşə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlüklə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fizki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Cavabdeh2 ona məxsus olan avtomobilin onun sahibliyindən digər cavabdehin hüquqa zidd hərəkəti nəticəsində çıxmasını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə iclasında müəyyən edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazında həmin hal barədə polisə müraciət etdiyini, cavabdehdən ona vurmuş zərəri tələb etdiyini bildirsə də ən azından həmin hallarla bağlı sübut təqdim etməmişdir. Mülki Məcəllənin1108.2-ci maddəyə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənlədirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, avtomobilin hüquqa zidd hərəkət nəticəsində sahiblikdən çıxması halı müəyyən edilmədiyindən cavabdehlər birgə borclular kimi qəbul edilməklə, habelə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alınmaqla iddia əsaslı müəyyən edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1470 (bir min dörd yüz yetmiş) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx"ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2469/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2469/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver