Məhkəmə qərarları › İş №e-2(073)-2548/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2548/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2548/2024 06.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış 510.9 manat əsas borcun, 76.6 manat cərimənin, cəmi 587.5 (beş yüz səksən yeddi manat əlli qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanmış və cavabdehə dəyəri 557.96 manat olan bir ədəd “Samsung” markalı mobil telefon və 3 ədəd aksesuar satılmışdır. Cavabdeh 12 ay müddətində hər ay 47 manat, sonuncu ayda isə 40.96 manat olmaqla malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq heç bir ödəniş etməmiş və nəticədə cavabdehin iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. Malı aldıqdan sonra cavabdeh malda qüsur olduğunu, ekranda əsmələr və səs dinamikində problemlər olduğunu bildirərək telefonu dükana qaytarmışdır, həmin vaxt telefonda ekran əyriliyi olduğu, yəni əmtəə görünüşünün dəyişdiyi müəyyən edilmişdir, bu barədə təmir mərkəzindən rəy də alınmışdır, buna görə də malın yenisi ilə əvəz edilməsi mümkün olmamışdır. Telefondakı problemlər aradan qaldırılsa da cavabdeh telefonu götürməkdən imtina etmişdir. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Buna görə iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabddeh Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçıdən 17 dekabr 2023-cü il tarixində “Samsung A 24” markalı mobil telefonu 12 ay müddətində hər ay 47 manat ödəmək şərti ilə kreditə götürmüş və iddiaçıya 110 manat ilkin ödəniş etmişdir. Telefonu iddiaçıdan aldığı müddətdən 12 gün ərzində telefonda nasazlıq olduğu üçün iddiaçıya qaytarmış və telefonun saz vəziyyətə gətiriliməsini xahiş etmişdir. Lakin müəyyən müddət sonra iddiaçı ona telefonu yenisi ilə əvəz etməyin qeyri-mümkün olduğunu bildirmiş, bunu telefonun ekranında əyriliyin olması ilə əlaqələndirmişdir. O (cavabdeh) da nasaz telefonu götürməkdən imtina etmişdir. Əvvəllər də bir neçə dəfə iddiaçıdan müxtəlif məhsullar almış, heç vaxt problem olmamışdır. Hazırda iddianı etiraf etmir. Telefonun yenisi ilə əvəz edilməsini istəyir, əks halda ödədiyi pulun geri qaytarılmasını tələb edir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən Cavabdeh dəyəri 557.96 manat olan bir ədəd “Samsung A 245” markalı mobil telefon və 3 ədəd aksesuar satılmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2024cü il tarixədək, hər ay 47 manat, sonuncu ayda isə 40.96 manat ödəməklə iddiaçı Cəmiyyətə olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 510.9 manat əsas borc, 766 manat cərimə, cəmi 1276.9 manat borcu vardır. İşdə olan iddiaçı cəmiyyət tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən hazırkı ərizənin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan “Müştəri müraciəti”ndən görünür ki, cavabdeh məhsulu iddiaçıya qaytarmış, “Müştərinin iddia etdiyi qüsur” hissəsində müştəri (cavabdeh) telefonla danışarkən dinamikdə səsin normal gəlmədiyini, ekranda əsmələr olduğunu bildirmiş və telefonun yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Həmin Müraciətin “Məhsulun vəziyyəti” hissəsindən görünür ki, korpusda və telefonun kənar hissələrində (enerji yuvasının ətrafında) ləkələr olduğu və son qərarın servis tərəfindən veriləcəyi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Texniki rəydən görünür ki, cavabdehin iddia etdiyi qüsur ekranın əsməsi olmuşdur, aşkar olunan qüsur isə əmtəə görünüşündə əyrilik olması, korpusda ləkələrin olduğu göstərilmiş, “Nəticə” hissəsində cihazın əmtəə görünüşü pozulduğuna görə cihazın dəyişdirilməsi və ya qaytarılmasının mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və cavabdehə dəyəri 557.96 manat olan bir ədəd mobil telefon və 3 ədəd aksesuar satılmışdır. Cavabdeh 12 ay müddətində hər ay 47 manat, sonuncu ayda isə 40.96 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddia etdiyi səbəblərə görə ödəniş etməkdən imtina etmişdir, nəticədə cavabdehin iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. Məhkəmə, həmçinin onu da nəzərə almağı zəruri hesab edir ki, məhkəmənin cavabdehə 1 ilə yaxın müddət keçməsinə baxmayaraq nəyə görə məhkəmədə iddia qaldırmadığı ilə bağlı sualına cavab olaraq cavabdeh malın dəyərinin ciddi əhəmiyyətli bir məbləğ olmamasına görə məsələni qeyri-ciddiyə aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla cavabdehi əlverişsiz vəziyyətə salır. Borclu (cavabdeh) əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 76.6 manatdan azaldılaraq 10 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Məhkəmə iclasında cavabdeh telefonun əmtəə görünüşündəki qüsurların onun təqsirindən baş vermədiyini bildirsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin mübahisənin həll olunmadığını bilməsinə baxmayaraq ödədiyi məbləği iddiaçıdan geri tələb etməsi ilə bağlı xeyli müddət ərzində iddia qaldırmaması halı iddiaçının dəlillərinin məhkəmə üçün daha mötəbər olması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 510.90 (beş yüz on manat doxsan qəpik) manat əsas borc, 10 (on) manat cərimə, cəmi 520.90 (beş yüz iyirmi manat doxsan qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-nə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar