Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2579/2024 22.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbi barədə iddia verərək cavabdehdən 2777.10 manat sığorta ödənişi, 47.78 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 2825.28 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X1 arasında bağlanmış 06 dekabr 2014-cü il tarixli, AS 304/14 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Mazda 3” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Hyundai HD72” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mazda 3” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 6903,93 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra “Hyundai HD72” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4 126,83 (dörd min bir yüz iyirmi altı manat 83 qəpik) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. xx.xx.2015-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolla müəyyən olunmuşdur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Hyundai HD72” markalı ** JA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddiaçı tərəfindən Cavabdeh yaranmış borcun tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə icbari sığorta üzrə sığortaçının subroqasiya hüququnun yaranma əsasları müəyyən edilmişdir, həmin əsaslar qətidir və genişləndirici təfsir verilə bilməz. İndiki halda isə həmin əsasların hər hansı biri müəyyən edilmir. İşdə olan xx.xx.2015-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2015-ci il tarixində Cavabdeh ** JA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsinə nəzərdə tutulan izibati xətanı (lazımi ara məsafəsinin saxlanılmaması) törətməkdə təqsirli bilinmişdir və 40 manat cərimə edilmişdir. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi təqsirkarın yol hərəkəti qaydasını pozduğuna – ara məsafəsi saxlamadığına görə baş vermişdir ki, bu da sığortaçı üçün subroqasiya tələbinin yaranma əsasını təşkil etmir. Təqsirkar şəxs isə İnzibati Xətalar Məcəlləsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən həmin Məcəllənin 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 47.78 (qırx yeddi manat yetmiş səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da ona aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçının ödədiyi 47.78 manat dövlət rüsumu ona (iddiaçıya) aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2579/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2579/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver