Məhkəmə qərarları › İş №e-2(073)-263/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-263/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-263/2025 21.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei Kod **********83372 “SAMSUNG GALAXY A55” markalı telefon, “SAMSUNQ CHARGER”, “BOROFONE” qulaqlıq üçün 1762.02 manat ödənilməmiş hissə, 176.98 manat cərimə, ümumilikdə 1939 (bir min doqquz yüz otuz doqquz) manat borc və 39.39 (otuz doqquz manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini və iddianı müdafiə etdiklərini bildirərək, işə iştirakları olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1862.02 manat olan İmei Kod **********83372 “SAMSUNG GALAXY A55” markalı telefon, “SAMSUNG CHARGER”, “BOROFONE” qulaqlıq almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırki borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMC-dən aldığı “SAMSUNG GALAXY A55” markalı mobil telefonda istehsal qüsurlarının olduğu aşkar edilmişdir. Bu barədə iddiaçı cəmiyyətə məlumat vermiş və ona bildirmişlər ki, telefonu təmir edə bilərlər. O isə onlarla razılaşmamış, telefonu yenisi ilə əvəz etmələrini xahiş etmişdir. Bu halda da iddiaçı tərəf onunla (cavabdehlə) razılaşmamışdır. Həmin telefonu alarkən iki il müddətinə qızıl zəmanət verilmişdir. Telefonu cəmi 1 həftə istifadə etdikdən sonra qüsurları olduğunu aşkar etmişdir və həmin vaxtdan bəri telefonu istifadə etməmişdir, sönülü vəziyyətdə özündə saxlayır. 1 həftə istifadə etdikdən sonra telefonda qəfil donmalar, ekran qaralmaları müşahidə etmişdir. İddianı əsassız hesab edir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19602664 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan dəyəri 1861.99 manat olan İmei Kod **********83372 “SAMSUNG GALAXY A55” markalı telefon, “SAMSUNG CHARGER”, “BOROFONE” qulaqlıq almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1762.02 manat ödənilməmiş hissə, 176.98 manat cərimə, ümumilikdə 1939 (bir min doqquz yüz otuz doqquz) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mobil telefonda qüsurların hansı səbəbdən yarandığını müəyyən etmək məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından ekspertizanın keçirilməsindən imtina edilmişdir. İşdə olan iddiaçı tərəfindən məhkəməyə göndərilmiş 11 fevral 2025-ci il tarixli məktubdan görünür ki, müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından bəlli olur ki, cavabdeh mobil telefonu tam və qüsursuz şəkildə təhvil almışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh ümumiyyətlə mağazaya və texniki servisə müraciət etməmişdir, onun qüsur və ya nasazlıq barədə hər hansı müraciəti qeydə alınmamışdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı cəmiyyət hazırkı iddianın verilməsi ilə əlaqədar 39.39 (otuz doqquz manat otuz doqquz qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilyə əsasən cavabdeh 1862.02 manat dəyərində mobil telefon almış və borcunu 18 ay müddətində ödəməklə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh telefonu aldıqdan cəmi 1 həftə sonra qüsurlar yarandığını və buna görə də ödəniş etmədiyini bildirir. Məhkəmə tərəfindən cavabdehə nəyə görə bu qədər müddət ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməməsi soruşulsa da o, Anti-inhisar xidmətinə, eləcə də iddiaçının satış dükanına müraciət etdiyini, telefonu isə həmin vaxtdan söndürərək işlətmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri nisyə alğı-satqı müqaviləsindən yaranan öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən müqavilə üzrə iddiaçı cəmiyyətə hazırkı borc yaranmışdır. Cavabdeh telefonun qüsurlu olduğunu bildirsə də bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1762.02 manat əsas borc, 176.98 manat cərimə, ümumilikdə 1939 (bir min doqquz yüz otuz doqquz) manat borc və 39.39 (otuz doqquz manat otuz doqquz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar