Məhkəmə qərarları › İş №e-2(073)-2644/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2644/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2644/2025 18.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 mart 2025-ci il tarixli AZL-6211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2025-ci il tarixə ödənilməmiş 219,21 manat gecikdirilmiş əsas, 354,14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344,11 manat dəbbə pulu, ümumilikdə 917,46 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2025-ci il tarixli AZL-6211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19% mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553,83 manat, ümumilikdə isə 37729 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt” markalı, **-YT-*** dövlət qeydiyyat nişanh avtomobil 21 may 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh AZL-6211 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2025-ci il tarixə ümumilikdə 917,46 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə Nə3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 1 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Sonda Cavabdeh 11 mart 2025-ci il tarixli AZL-6211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2025-ci il tarixə ödənilməmiş 219,21 manat gecikdirilmiş əsas, 354,14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344,11 manat dəbbə pulu, ümumilikdə 917,46 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC (Lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 11 mart 2025-ci il tarixli AZL-6211 saylı Daxili lizinq müqaviləsindən və onun 1 və 3 nömrəli əlavələrindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 25850 manat olan “Chevrolet Cobalt LTZ” minik markalı, ağ rəngli, BAN: XWBJA69V9SA017205 olan, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq alan müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəyir, həmin məbləğ lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. İşdə olan 11 mart 2025-ci il tarixli, AZL-6211 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Lizinaq alan Cavabdeh 25850 manat məbləğində pulu, illik 19%-lə, 60 ay müddətinə aylıq 553,83 manat ödəməyi öhdəsinə götürür. İşdə olan 11 mart 2025-ci il tarixli təhvil təslim aktına əsasən “Chevrolet Cobalt LTZ” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İşdə olan 21 may 2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 may 2025-ci il tarixdə İddiaçı MMC tərəfindən təhvil təslim edilmişdir. İşdə olan Cavabdeh ünvanlanmış 18 iyul 2025-ci il tarixli, 2805 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etməyindən İddiaçı MMC-yə borcu yaranmış və lizinq alan ilə İddiaçı MMC arasında bağlanmış AZL-6211 saylı Daxili Lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqavilənin 9-cu bəndi rəhbər tutularaq müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun Cavabdeh məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. İşdə olan 30 iyul 2025-ci il tarixli, 3165 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh 11 mart 2025-ci il tarixli AZL-6211 saylı “Daxili lizinq” müqaviləsi üzrə 21 may 2025-ci il tarixə 219,21 manat əsas borc, 354,14 manat mükafat borcu və 344,11 cərimə borcu olmaqla, ümumilikdə 917,46 manat borcu yaranmışdır. İşdə olan BB720266 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, BAN: XWBJA69V9SA017205 olan, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. İş materiallarından görünür ki, lizinq müqaviləsi üzrə Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasından boyun qaçırmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 11 mart 2025-ci il tarixli AZL-6211 saylı Daxili lizinq müqaviləsindən və onun 1 və 3 nömrəli əlavələrindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 25850 manat olan “Chevrolet Cobalt LTZ” minik markalı, ağ rəngli, BAN: XWBJA69V9SA017205 olan, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan Cavabdeh müvəqqəti sahibliyində olduğu müddət ərzində, o, ödəməli olduğu lizinq ödənişlərini vaxtında və tam icra etməmiş, beləliklə cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 489,70-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış 11 mart 2025-ci il tarixli, AZL-6211 saylı Daxili lizinq müqavilə üzrə hesablanmış 344,11 manat dəbbə pulunun tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış dəbbə pulunun azaldılaraq 30 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 11 mart 2025-ci il tarixli AZL-6211 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2025-ci il tarixə ödənilməmiş 219,21 manat gecikdirilmiş əsas, 354,14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 manat dəbbə pulu, ümumilikdə 603,35 manat borc alınıb İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 04 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən hazırki iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 mart 2025-ci il tarixli AZL-6211 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 may 2025-ci il tarixə ödənilməmiş 219,21 (iki yüz on doqquz manat iyirmi bir qəpik) manat gecikdirilmiş əsas, 354,14 (üç yüz əlli dörd manat on dörd qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 603,35 (altı yüz üç manat otuz beş qəpik) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar