Məhkəmə qərarları › İş №e-2(073)-2736/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2736/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2736/2024 31.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək Cavabdeh 377 manat əsas borc, 113 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 520 (beş yüz iyirmi) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli, ECK5902079 nömrəli müqaviləyə əsasən 516 manat dəyərində “Samsung Galaxy A11” markalı telefon almış, malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, ECK5902079 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 516 manat dəyərində “Samsung Galaxy A11” markalı telefon almış, malın dəyərini 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2020-ci il tarixli, ECK5902079 saylı müqaviləyə əsasən 377 manat əsas borc, 113 manat dəbbə pulu borcu vardır. İşdə olan pretenziyadan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, əsas borcu ödəyə bilmədiyi halda cavabdehdən həmin borcun 1/3 hissəsinə yaxın məbləğdə əlavə cərimənin tələb edilməsi ədalətli hesab edilə bilməz, lakin məhkəmə bu hissədə kreditorun da əmlak mənafeyini nəzərə alır. Məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 377 manat əsas borc, 50 manat cərimə, cəmi 427 (dörd yüz iyirmi yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar