Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2743/2024 14.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etiklərini bildirərmiş, işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 5978.88 manat dəyərində İMEİ Kodu **********87203 olan “İPHONE 15 PRO MAX” markalı telefon və “Apple” markalı adapter almış və malların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozmuş, borcundan 200 manat ödəmiş, qalan 5778.88 manat borcunu isə ödəməkdən yayınmış və 597.12 manat dəbbə pulu hesablanmışdır. İddiaçı cəmiyyət qeyd olunanların nəzərə alınaraq, xx.xx.2024-cü il tarixli müqavilyə əsasən “İPHONE 15 PRO MAX” markalı telefon və “Apple” markalı adapter üçün 5778.88 manat ödənilməmiş hissə, 597.12 manat dəbbə pulu olmaqla ümumilikdə 6376 (altı min üç yüz yetmiş altı) manat borcun və 83.76 (səksən üç manat yetmiş altı) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı Cəmiyyət Cavabdeh dəyəri 5978.97 manat olan “İPHONE 15 PRO MAX” markalı telefonu və “Apple” markalı adapter satmış və cavabdeh 18 ay müddətində hər ay 332.16 manat olmaqla borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə 5778.88 manat əsas borc, 597.12 dəbbə olmaqla ümumilikdə 6376 manat borcu vardır. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı Cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı cəmiyyət hazırkı iddianın verilməsi ilə əlaqədar 83.76 (səksən üç manat yetmiş altı) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 5978.88 manat dəyərində telefon və aksesuar almış, malların dəyərini 18 ay müddətində ödəməklə icra etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozmuş, borcundan 200 manat ödəmiş, qalan 5778.88 manat borcunu isə ödəməkdən yayınmış və 597.12 manat dəbbə pulu hesablanmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən müqavilə üzrə iddiaçı cəmiyyətə hazırkı borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.6-cı bəndinə əsasən Müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5778.88 manat əsas borc, 597.12 manat cərimə olmaqla cəmi 6376 (altı min üç yüz yetmiş altı) manat borc və 83.76 (səksən üç manat yetmiş altı) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2743/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2743/2024
14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver