Məhkəmə qərarları › İş №e-2(073)-2792/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2792/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2792/2025 18.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 sentyabr 2025-ci il tarixə 678,68 manat gecikdirilmiş əsas borc, 1054,40 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 890,89 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 6010,52 manat olmaqla, ümumilikdə 8634,49 manat borc və ödənilən 106,35 manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan 2025-ci il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb İddiaçı MMC-yə geri qaytarılmasını və cavabdehdən 11 mart 2025-ci il tarixli AZL-6214 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 avqust 2025-ci il tarixə 678,68 manat gecikdirilmiş əsas, 1054,40 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 289,45 manat dəbbə pulu olmaqla, cəmi 2022,53 borc və ödənilmiş 100 manat dövlət rüsumun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək bildirmişdir ki, Cavabdeh 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 sentyabr 2025-ci il tarixə 678,68 manat gecikdirilmiş əsas borc, 1054,40 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 890,89 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 6010,52 manat olmaqla, ümumilikdə 8634,49 manat borc və ödənilən 106,35 manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2025-ci il tarixli AZL-6214 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2025-ci il buraxılışlı, “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 553,83 manat, ümumilikdə isə 37729 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 37729 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh AZL-6214 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 08 sentyabr 2025-ci il tarixə ümumilikdə 2623,97 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N«3) müəyyən edilir. Lizina ödənişlərinin parılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 1% hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Sonda Cavabdeh 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 sentyabr 2025-ci il tarixə 678,68 manat gecikdirilmiş əsas borc, 1054,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 890,89 manat dəbbə pulun, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 6010,52 manat olmaqla, ümumilikdə 8634,49 manat borc və ödənilən 106,35 manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 11 mart 2025-ci il tarixli AZL-6214 saylı Daxili lizinq müqaviləsindən və onun 1 və 2 nömrəli əlavələrindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 25850 manat olan “Chevrolet Cobalt LTZ” minik markalı, ağ rəngli, BAN: XWBJA69V9SA016812 olan, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq alan müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəyir, həmin məbləğ lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 19% həcmində mükafat məbləği hesablanır. İşdə olan 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Lizinq alan Cavabdeh 25850 manat məbləğində pulu, illik 19%-lə, 60 ay müddətinə aylıq 553,83 manat ödəməyi öhdəsinə götürür. İşdə olan 11 mart 2025-ci il tarixli təhvil təslim aktına əsasən “Chevrolet Cobalt LTZ” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimi aparılmışdır. İşdə olan Cavabdeh ünvanlanmış 18 iyul 2025-ci il tarixli, 2805 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etməyindən İddiaçı MMC-yə borcu yaranmış və lizinq alan ilə İddiaçı MMC arasında bağlanmış AZL-6214 saylı Daxili Lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqavilənin 9-cu bəndi rəhbər tutularaq müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun Cavabdeh məhkəmə qaydasında tutulacağı barədə xəbərdar edilmişdir. İşdə olan 13 noyabr 2025-ci il tarixli, 4953 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh 11 mart 2025-ci il tarixli AZL-6214 saylı “Daxili lizinq” müqaviləsi üzrə 08 sentyabr 2025-ci il tarixə 678,68 manat əsas borc, 1054,40 manat mükafat borcu və 890,89 cərimə borcu olmaqla, ümumilikdə 2623,97 manat borcu yaranmışdır. İşdə olan 08 sentyabr 2025-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanılma qəbulu barədə aktdan görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobil “156” evakuator xidməti ilə 08 sentyabr 2025-ci il tarixdə İddiaçı MMCnin duracağına gətirilmişdir. İşdə olan BB720271 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, ağ rəngli, BAN: XWBJA69V9SA016812 olan, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdir. İşdə olan "xxxx" MMC-nin 16 oktyabr 2025-ci il tarixli avtoservis aktından görünür ki, “Chevrolet Cobalt” ağ rəngli minik markalı, **-YT-*** dövlət qeydiyyat nömrəli avtomobilə ümumilikdə 6010,52 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. İş materiallarından görünür ki, lizinq müqaviləsi üzrə Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasından boyun qaçırmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış 11 mart 2025-ci il tarixli AZL-6214 saylı Daxili lizinq müqaviləsindən və onun 1 və 2 nömrəli əlavələrindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı – qiyməti 25850 manat olan “Chevrolet Cobalt LTZ” minik markalı, ağ rəngli, BAN: XWBJA69V9SA016812 olan, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan Cavabdeh müvəqqəti sahibliyində olduğu müddət ərzində, o, ödəməli olduğu lizinq ödənişlərini vaxtında və tam icra etməmiş, beləliklə cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 489,70-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın dəbbə pulunun ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı Daxili lizinq müqavilə üzrə hesablanmış 890,89 manat dəbbə pulunun tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış dəbbə pulunun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 sentyabr 2025-ci il tarixə 678,68 manat gecikdirilmiş əsas borc, 1054,40 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 100 manat dəbbə pulu və lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 6010,52 manat olmaqla, ümumilikdə 7843,60 manat borc alınıb İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 02 sentyabr 2025-ci il tarixli və 29 oktyabr 2025 mədaxil qəbzlərindən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən hazırki iddia ərizəsinin verilməsinə görə ümumilikdə 106,35 manat dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 106,35 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 mart 2025-ci il tarixli, AZL-6214 saylı Daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 sentyabr 2025-ci il tarixə 678,68 (altı yüz yetmiş səkkiz manat altımış səkkiz qəpik) manat gecikdirilmiş əsas borc, 1054,40 (bir min əlli dörd manat qırx qəpik) manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 100 (bir yüz) manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 6010,52 (altı min on manat əlli iki qəpik) manat olmaqla, ümumilikdə 7843,60 (yeddi min səkkiz yüz qırx üç manat altımış qəpik) manat borc və ödənilən 106,35 (bir yüz altı manat otuz beş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar