Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2898/2025 24.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızı arasında bağlanmış 00413541 saylı, xx.xx.2023cü il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi üzrə nisyə satılmış mallara görə yaranmış qalıq borc 507.00 AZN, gecikdirilmiş hər günə görə hesablanmış 50.00 AZN faiz olmaqla ümumilikdə 557.00 AZN məbləğindəki pul vəsaitini və iddianın qaldırılması üçün ödənilmiş 30.40 AZN, cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Müqavilə üzrə Satıcı) ilə vətəndaş Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızı (Müqavilə üzrə Alıcı) arasında 00413541 saylı, xx.xx.2023-cü il tarixli Nisyə Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında Alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan “Mal” satılmışdır. Alıcı Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızı isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdır. Tərəflərindən Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızına dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, satıcı ilə alıcı arasında bağlanmış Nisyə Alqı-Satqı Müqaviləsindən irəli gələn ümumi 1655.00 (min altı yüz əlli beş) AZN məbləğindən bu günə qədər cavabdehlər Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızının 1148.00 (bir min bir yüz qırx səkkiz) AZN ödənişi olmuş və hal-hazırda 507.00 (beş yüz yeddi) AZN məbləğində borcu qalmaqdadır. Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızı ilə İddiaçı MMC ararında bağlanmış X1 6.2-ci bəndinə əsasən (Alıcı ödəmələrin həyata keçirməsini gecikdirərsə 10 gün gecikmədən sonra hər gecikdirilən gün üçün gecikən ödənişin 1 %-i məhsula əlavə qiymət hesablanacaq. Həmin cərimə malın dəyərinin və ya ödənişin cəmi məbləğinin 10%-dən artıq ola bilməz). Bu bəndə əsasən Cavabdeh2 Xudaş qızı və Cavabdeh1 Əmiraslan qızının ödənilməmiş borc məbləği 507.00 AZN, gecikdirilən günlər üçün hesablanan faiz pulu 50.00 AZN təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 557.00 AZN təşkil edir. Cavabdeh2 və Cavabdeh1 ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İşdə olan Cavabdeh1 zaminliyi ilə təmin edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 00413541 saylı, xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı MMC–dən ümumi qiyməti 1655 manat olan əşyaları 12 ay müddətinə, aylıq 121 (12-ci ay 124 manat) manat ödəmək şərtilə almışdır. Cavabdeh 200 manat ilkin ödəniş etmişdir. İşdə olan kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh2 müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla iddiaçıya ödənişlər etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh2 göndərilmiş bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 7 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 00413541 saylı müqavilə üzrə əsas borcu 507 manat, cərimə faizləri borcu 50 manat olmaqla, cəmi borcu 557 manat təşkil edir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin əsas ümumi borcu 557 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, öhdəlik münasibəti tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və Cavabdeh2 götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə digər Cavabdeh1 münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2024-cü il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2025-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaqismən təmin edilməli, Cavabdeh2 əsas borc olaraq 507 manat, gecikdirilmiş hər günə görə hesablanmış 50 manat faiz olmaqla, ümumilikdə 557 manat məbləğindəki pul vəsaiti və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,40 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi digər Cavabdeh1 münasibətdə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 əsas borc olaraq 507 manat, gecikdirilmiş hər günə görə hesablanmış 50 manat faiz olmaqla, ümumilikdə 557 (beş yüz əlli yeddi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,40 (otuz manat qırx qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi digər Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-2898/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2898/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver