Məhkəmə qərarları › İş №e-2(073)-3052/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3052/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3052/2024 18.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 18 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad rayon məhkəməsinə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsində Cavabdeh 09 yanvar 2024-cü il tarixli, KG-BY14/2021 saylı “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 990 manat əsas borc, 79.2 manat cərimə və 31.09 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh 23 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbini qəbul etmədiyini və işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(073)-3052/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı tərəfindən 17 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərilərək, işin 18 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki "xxxx" MMC ilə Cavabdeh Züiii oğlu arasında 9 yanvar 2021-ci il tarixdə Kazimoff markalı Su təmizləyici sisteminin alqısatqısına dair “Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən “Kazimoff Group’' MMC tərəfindən ümumi dəyəri 1690 manat olan həmin mal cavabdehə nisyə satılmış, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sonradan üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuş, dəfələrlə xəbərdar edilməsinə baxmayaraq müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır. Hazırda onun əsas borc üzrə 990 manat, cərimə üzrə 79.2 manat borcu vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.. Cavabdeh 04 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədiyini, İddiaçı MMC tərəfindən ona nisyə alqı-satqı müqaviləsi əsasında verilmiş su təmizləyici qurğunun keyfiyyət göstəricilərinin əvvəlcədən ona deyildiyi kimi olmadığı, həmin qurğunun saflaşdırdığı suyun keyfiyyətinin aşağı olduğunu və aldadıldığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli, KG-BY14/2021 nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1690 manat olan su təmizləyici sistemi və onun tərkib hissələri olan aksesuarlar 16 ay müddətinə (15 ay 100 manat, 16-cı ay isə 90 manat ödəmək şərti ilə) satılmışdır. Həmin müqavilədə ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlərin hər gecikdirildiyi gün üçün aylıq ödənişin 2 faizi həcmində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 09 yanvar 2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən LG markalı su təmizləyici sistem və onun komponentləri (sediment filtr, granual aktiv karbon filtr, blok aktiv karbon filtr, post karbon filtr, mineral filtr, membran 75 GPD) Cavabdeh yaşadığı ünvan 1 ünvanında quraşdırılaraq həmin qurğuların işlək vəziyyətdə olması alıcının (Cavabdeh) iştirakı ilə yoxlanılmış və işlək vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 30 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 09 yanvar 2024-cü il tarixli, KG-BY14/2021 nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 1660 manat olan borcundan iddiaçıya 700 manat ödəmiş, 990 manat əsas borc, 79.2 manat cərimə borcu qalmışdır. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edilərkən 31,09 (otuz bir manat doqquz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2024-cü il tarixli, KG-BY14/2021 nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 1690 manat olan su təmizləyici sistemi və onun tərkib hissələri olan aksesuarlar 16 ay müddətinə (15 ay 100 manat, 16-cı ay isə 90 manat ödəmək şərti ilə) Cavabdeh satılmışdır. Həmin qurğular cavabdehin yaşadığı ünvan 1 ünvanında quraşdırılaraq işlək vəziyyətdə olması alıcının (Cavabdeh) iştirakı ilə yoxlanılmış və ona təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə ümumi borcundan 700 manat ödəmiş lakin müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq qalan borcunu ödəməmişdir. Həmçinin cavabdeh 04 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədiyini, İddiaçı MMC tərəfindən ona nisyə alqı-satqı müqaviləsi əsasında verilmiş su təmizləyici qurğunun keyfiyyət göstəricilərinin əvvəlcədən ona deyildiyi kimi olmadığı, həmin qurğunun saflaşdırdığı suyun keyfiyyətinin aşağı olduğunu və aldadıldığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 990 manat əsas borc, 79.2 manat cərimə olmaqla, cəmi 1069.20 (min altmış doqquz manat iyirmi qəpik) manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 31.09 (otuz bir manat doqquz qəpik) manat dövlət rüsumu da Cavabdeh alınıb İddiaçı MMC-yə verilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 990 (doqquz yüz doxsan) manat əsas borc, 79.2 (yetmiş doqquz manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 1069.2 (min altmış doqquz manat iyirmi qəpik) manat borc və ödənilmiş 31.09 (otuz bir manat doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar