Məhkəmə qərarları › İş №e-2(073)-3556/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3556/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3556/2025 05.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən imei kodu **********74730 İphone 16 pro markalı telefon üçün 2863,92 (iki min səkkiz yüz altmış üç manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 286,39 (iki yüz səksən altı manat, 39 qəpik) manat cərimə olmaqla, ümumilikdə 3173,91 manat borc və 51,74 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********74730 İphone 16 pro markalı telefon almış və nəticədə 3173,91 (üç min yüz yetmuş üç manat, 91 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3238,92 (üç min iki yüz otuz səkkiz manat, 92 qəpik) manat (yəni 12 ay x 238,66 manat + 375 manat ilkin ödəniş) olan imei kodu **********74730 İphone 16 pro markalı telefon üçün ümumilikdə, 3173,91 (üç min yüz yetmuş üç manat, 91 qəpik) manat olmaqla ondan 2863,92 (iki min səkkiz yüz altmış üç manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olaraq 286,39 (iki yüz səksən altı manat, 39 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 375 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər ü,zrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 3238,92 manat olan imei kodu **********74730 İphone 16 pro markalı telefonu 12 ay müddətinə, aylıq 238,66 manat ödəmə şərtilə almışdır. 375 manat ilkin ödəniş etmişdir; İş materiallarında olan “Əşyaların təhvil-təslim” aktının surətindən görünür ki, Cavabdeh ********** nömrəli müqavilə ilə ona satılan malları qüsursuz təhvil almışdır; İş materiallarında olan 04 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməyən əsas borcu 2863,92 manat, cərimə borcu 286,39 manat təşkil edir. Cavabdeh cəmi 375 manat ödəniş etmişdir; İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir; xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında imei kodu **********74730 İphone 16 pro markalı telefonun açılıb bağlanması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 51,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin ümumi borcu 3173,91 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 140 manat (tələb edilir: 286,39 manat) məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin “İnnovativ Layihələr Mərkəzi”nə ödənilmiş rüsumun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu və pul öhdəliyinin icra etmədiyi hallarda "xxxx" MMC cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respulikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə bilər. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən, məhdudiyyətin icrası ilə bağlı müştəridən əlavə xərclər tələb edilə bilər. Həmçinin təqdim edilmiş arayışdan da göründüyü kimi, İnnovativ Layihələr Mərkəzinə iddiaçı tərəfindən 23,60 manat pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2863,92 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 140 manat cərimə borcu olmaqla, cəmi 3027,52 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 51,74 manat pulun 50 manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2863,92 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 140 manat cərimə borcu olmaqla, cəmi 3027,52 (üç min iyirmi yeddi manat, əlli iki qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 51,74 manat pulun 50 (əlli) manatı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar