Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3696/2025 10.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 10 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5423.04 (beş min dörd yüz iyirmi üç manat, 4 qəpik) manat ödənilməmiş hissə, 542.30 (beş yüz qırx iki manat, 30 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1218.42 (min iki yüz on səkkiz manat, 42 qəpik) manat ödənilməmiş hissə, 121.84 (yüz iyirmi bir manat, 84 qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 7305.61 manat borc və ödənilmiş 93.06 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən LG TV, ZƏMANƏT + 1 İL xidməti, qəhvəbişirən Delonghi, Qızıl Zəmanət Ultra3 il xidməti almış və nəticədə 7305.61 (yeddi min üç yüz beş manat, 61 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 5643.04 (beş min altı yüz qırx üç manat, 4 qəpik) manat (24 ay x 225.96 manat + 220 manat ilkin ödəniş) olan LG TV, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 5965.34 (beş min doqquz yüz altmış beş manat, 34 qəpik) manat olmaqla ondan, 5423.04 (beş min dörd yüz iyirmi üç manat, 4 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 542.30 (beş yüz qırx iki manat, 30 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1578.42 (min beş yüz yetmiş səkkiz manat, 42 qəpik) manat (18 ay x 67.69 manat + 360 manat ilkin ödəniş) olan qəhvəbişirən DELONGHİ, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün ümumilikdə, 1340.26 (min üç yüz qırx manat, 26 qəpik) manat olmaqla ondan, 1218.42 (min iki yüz on səkkiz manat, 42 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 121.84 (yüz iyirmi bir manat, 84 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 580 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı "xxxx" MMC ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddianı etiraf edir. O, hazırda heç yerdə işləmədiyi üçün kredit borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Maddi imkanı düzələcəyi təqdirdə borcunu hissə-hissə ödəyəcəkdir . İddianın təmin olunmasına etirazı yoxdur. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cavabdeh bununla bağlı yazılı ərizəsini də məhkəməyə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 5643.04 (beş min altı yüz qırx üç manat, 4 qəpik) manat olan LG TV məhsulu ilkin ödəniş 220 manat və aylıq 225.96 manat olmaqla, 24 ay müddətinə ödəmək şərtilə almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 1578.42 (min beş yüz yetmiş səkkiz manat, 42 qəpik) manat olan qəhvəbişirən DELONGHİ məhsulunu ilkin ödəniş 360 manat və aylıq 67.69 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 93.06 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edilən hal üzrə dəyərləndirmə apararaq qeyd edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə bank qarşısında yaranmış öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5423.04 (beş min dörd yüz iyirmi üç manat, 4 qəpik) manat ödənilməmiş hissə, 542.30 (beş yüz qırx iki manat, 30 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1218.42 (min iki yüz on səkkiz manat, 42 qəpik) manat ödənilməmiş hissə, 121.84 (yüz iyirmi bir manat, 84 qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 7305.61 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 93.06 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5423.04 (beş min dörd yüz iyirmi üç manat, 4 qəpik) manat ödənilməmiş hissə, 542.30 (beş yüz qırx iki manat, 30 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1218.42 (min iki yüz on səkkiz manat, 42 qəpik) manat ödənilməmiş hissə, 121.84 (yüz iyirmi bir manat, 84 qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 7305.61 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 93.06 (doxsan üç manat altı qəpik) manat tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-3696/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3696/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver