Məhkəmə qərarları › İş №e-2(073)-461/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-461/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-461/2024 24.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdeh X2 440 manat borcun, 132 manat cərimə borcu olmaqla, cəmi 572 manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı «ERA Elektronics» mağazasının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan xx.xx.2019-cu il tarixdə BSK4706112 saylı borc müqavilələrinə əsasən dəyəri 632.49 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 499 manat ödəniş etdikdən sonra onun iddiaçı təşkilata 440 manat borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilərək cavabdeh X2 440 manat borcun, 132 manat cərimə borcu olmaqla, cəmi 572 manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixdə BSK4706112 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh X1 Şirin Novruz oğlundan dəyəri 939 manat olan məişət avadanlığı əldə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı xx.xx.2019-cu il tarixdə BSK4706112 saylı borc müqaviləsi üzrə 440 manat borcu yaranmışdır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh X5 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 5.6-cı bəndinə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 132 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 440 (dörd yüz qırx) manat borcun, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 490 (dörd yüz doxsan) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar