Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-628/2024 26.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində, 26 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, VİP 18757 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 113,97 ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 28 ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə) cərimə olmaqla, cəmi 141,97 ABŞ dolları (ekvivalenti ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı direktoru Nümayəndə məhkəməyə ərizə göndərərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 18757 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 176 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan «Xiomi poco m3 black 4-128gb» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh borcundan ilkin olaraq 14 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cu il tarixdə 13,51 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 22,01 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə 12,51 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Daha sonra cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1 %-i həcmində «satıcı»-nın xeyrinə faiz ödəyir. İddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 113.97 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hazırkı vaxta ödənilməmiş 113.97 ABŞ dolları məbləğində borcu yaranmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq və sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli, VİP 18757 saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, alıcı-Cavabdeh satıcı-İddiaçı MMC-dən satış qiyməti 176 ABŞ dolları olan «Xiomi poco m3 black 4-128gb» markalı telefonu satış qiymətindən ilkin ödəniş olaraq 14 ABŞ dollarını ödədikdən sonra qalan 162 ABŞ dollarını 12 ay müddətinə (on bir ay 13 ABŞ dolları, sonuncu ay 19 ABŞ dolları ödəmək şərti ilə) ödəmək şərti ilə almışdır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcının ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəməsi nəzərdə tutulmuşdur. İşdə olan 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, VİP 18757 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh ödənilməmiş 113,97 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 28 ABŞ dolları cərimə olmaqla, cəmi 141,97 ABŞ dolları borcu vardır. İş materiallarında olan Hökumət ödəniş portalın vasitəsi ilə ödənilmiş ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun ödənilməsi Cavabdeh tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 141,97 ABŞ dolları məbləğində borclu olması işdə olan digər sənədlərlə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 141,97 ABŞ dolları (qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir . Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 141,97 ABŞ dolları (qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-628/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-628/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver