Məhkəmə qərarları › İş №e-2(073)-629/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-629/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-629/2025 24.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia qaldıraraq cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “SKYWORTH TV”, “SAMSUNG GALAXY A24” markalı telefon üçün 1403.10 manat ödənilməmiş hissə, 420.93 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “SAMSUNG GALAXY A24” üçün 347.20 manat ödənilməmiş hissə, 104.16 manat cərimə, ümumilikdə 2275.39 manat borc və 42.76 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1545.06 manat olan “SKYWORTH TV”, “SAMSUNG GALAXY A24” markalı telefon almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 530.06 manat olan “SAMSUNG GALAXY A24” almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, pulu tam ödəməmiş, nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1545.02 manat olan “SKYWORTH TV”, “SAMSUNG GALAXY A24” markalı telefon almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən dəyəri 530 manat olan “SAMSUNG GALAXY A24” almış və aldığı əşyanın dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçı cəmiyyətə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1403.10 manat ödənilməmiş hissə, 420.93 manat cərimə, xx.xx.2024-cü il müqaviləyə əsasən 347.20 manat ödənilməmiş hissə, 104.16 manat cərimə, ümumilikdə 2275.39 (iki min iki yüz yetmiş beş manat otuz doqquz qəpik) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 42.76 (qırx iki manat yetmiş altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh hər iki müqavilə üzrə əsas borcunu ödəyə bilmədiyi halda ona yüksək məbləğdə cərimə hesablanması onun mənafeyinə uyğun hesab edilə bilməz, lakin məhkəmə, həmçinin iddiaçının da əmlak mənafeyini nəzərə alır və belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 10 manat cərimə məbləğinin hesablanması hər iki tərəfin mənafeyinə uyğun olmaqla qanuni və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq ümumilikdə 50 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 42.76 manat dövlət rüsumunun 38 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1403.10 manat əsas borc, 40 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 347.20 manat əsas borc, 10 manat cərimə, ümumilikdə 1800.30 (bir min səkkiz yüz manat 30 qəpik) manat borc və 38 (otuz səkkiz manat) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar