Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-652/2025 24.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia qaldıraraq, xx.xx.2024-cü il tarixə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı müqavilə üzrə 485.3 manat əsas borc, 145.5 manat cərimə, cəmi 630.8 manat borcun, xx.xx.2024-cü il tarixli ********* saylı müqavilə üzrə 2658.9 manat əsas borc, 797.6 manat cərimə, cəmi 3456.5 manat, ümumilikdə iki müqavilə üzrə 3144.2 manat əsas borc, 943.1 manat cərimə, cəmi 4087.3 (dörd min səksən yeddi manat otuz qəpik) manat borcun və 60.87 (altmış manat səksən yeddi qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Nothing Phone 1” markalı telefon və aksessuarı 1494.50 manata almış və aldığ əşyaların dəyərini 18 ay müddətində ödəməyi, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “İphone 15 Pro” markalı mobil telefon və aksessuarlar, və akummulyatorı cəmi 3194.90 manata almış və aldığı əşyaların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “Nothing Phone 1” markalı telefon və aksessuarı 1494.50 manata almış və malların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən “İphone 15 Pro” markalı mobil telefon, aksessuarlar və akkumilyatoru cəmi 3194.90 manata almış və malların dəyərini 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" MMC-nə xx.xx.2023cü il tarixli müqavilə üzrə 485.3 manat əsas borc, 1455.5 manat cərimə, cəmi 1940.30 manat borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2658.9 manat əsas borc, 7976 manat cərimə, cəmi 10634.9 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 60.87 (altmış manat səksən yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız valanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı cəmiyyət tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla borclunu (cavabdehi) əlverişsiz vəziyyətə salır. Borclu əsas borcunun əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 80 manat həddində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumunun 52.39 (əlli iki manat otuz doqquz qəpik) manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220, 360 və 362-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 485.3 manat əsas borc, 15 manat cərimə, cəmi 500.3 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2658.9 manat əsas borc, 80 manat cərimə, cəmi 2738.9 manat, ümumilikdə iki müqavilə üzrə 3144.2 manat əsas borc, 95 manat cərimə, cəmi 3239.2 (üç min iki yüz otuz doqquz manat iyirmi qəpik) manat borc və 52.39 (əlli iki manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-652/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-652/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver