Məhkəmə qərarları › İş №e-2(073)-672/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-672/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-672/2025 17.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 917.9 (doqquz yüz on yeddi manat doxsan qəpik) manat əsas, 137.6 (bir yüz otuz yeddi manat altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə 1055.5 (bir min əlli beş manat əlli qəpik) manat borcun və 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 971,97 manat olan “Samsung” markalı mobil telefon, akkumulyator, aksessuarı 18 ay müddətinə hər ay 54 manat ödəmək şərtilə verilmişdir. Müqavilənin əlavə şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə yaranmış cərimə məbləğinə 90% güzəşt edilmişdir. Cavabdehə yaranmış borcunun ödənilməsi üçün rəsmi qaydada xəbərdarlıq edilsə də, müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 971,97 manat olan “Samsung” markalı mobil telefon, akkumulyator, aksessuarı 18 ay müddətinə hər ay 54 manat ödəmək şərtilə almış, aldığı əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavədə ödənişlərdə gecikmələr aşkar edildikdə, gecikdirilən aylıq borc məbləğinin 1% dərəcəsi ilə gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 917.9 (doqquz yüz on yeddi manat doxsan qəpik) manat əsas, 137.6 (bir yüz otuz yeddi manat altmış qəpik) manat cərimə olmaqla, ümumilikdə 1055.5 (bir min əlli beş manat əlli qəpik) manat borcun və 30,55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar